Azərbaycanın voleybol üzrə “Xilasedici” klubu Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Portuqaliyanın “Sportinq” komandası ilə cavab oyununu azarkeşsiz keçirəcək.
İdman.Biz xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin rəsmi saytı məlumat yayıb. Qərar “Çarls” fırtınasının yaxınlaşması ilə əlaqədar Portuqaliyada hava şəraitinin pisləşməsi səbəbindən qəbul edilib.
Ölkədə yüksək hazırlıq rejimi elan olunub. Təhlükəsizliyi təmin etmək məqsədilə “Sportinq” noyabrın 10-u və 11-də "Joao Rocha" İdman Sarayında keçirilməsi planlaşdırılan ev oyunlarının qapalı tribunalar arxasında, azarkeşsiz təşkil olunmasına qərar verib.
Bu məhdudiyyət yalnız Azərbaycan komandası ilə voleybol qarşılaşmasına deyil, həm də “Sportinq” və “Kandelariya” arasında Portuqaliya roller hokkey çempionatının oyununa şamil ediləcək.
Bununla belə, oyunların keçirilməsi ləğv olunmayıb və əvvəlcədən müəyyənləşdirilmiş təqvimdə dəyişiklik edilməyib. “Sportinq” – “Xilasedici” cavab qarşılaşması bu gün, noyabrın 11-də Lissabonda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında ilk oyun noyabrın 3-də Bakıda keçirilib və Portuqaliya təmsilçisinin 3:2 (25:23, 19:25, 23:25, 25:23, 15:10) hesablı qələbəsi ilə başa çatıb.
İlk görüşdə məğlub olmasına baxmayaraq, Azərbaycan komandası növbəti təsnifat mərhələsinə yüksəlmək şansını qoruyur. Avropa Voleybol Konfederasiyasının (CEV) 2026/2027 mövsümündən qüvvəyə minən yeni qaydalarına əsasən, iki oyundan ibarət qarşılaşmada qələbələrin sayı bərabər olarsa, setlərin hesabından asılı olmayaraq, əlavə “qızıl set” oynanılır.
Beləliklə, “Xilasedici” “Sportinq” üzərində istənilən hesablı qələbə qazanacağı təqdirdə, növbəti mərhələyə vəsiqənin taleyi 15 xala qədər davam edən “qızıl set”də həll olunacaq. Portuqaliya klubu qalib gələrsə, birbaşa növbəti mərhələyə yüksələcək.
Xatırladaq ki, bu mövsüm “Xilasedici”nin kişi voleybol komandası üçün Çempionlar Liqasında debüt mövsümüdür.
