“Maritsa”nın voleybolçusu: “Turan” Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməyə layiq idi”

11 Noyabr 2026 11:59
80
“Maritsa”nın voleybolçusu: “Turan” Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməyə layiq idi”

Bolqarıstanın “Maritsa” klubunun libero mövqeyində çıxış edən voleybolçusu Jana Todorova komandasının “Turan”a 0:3 hesabı ilə məğlub olmasını şərh edib. Bu nəticə Tovuz təmsilçisinə tarixində ilk dəfə CEV Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək imkanı verib.

İdman.Biz xəbər verir ki, voleybolçu rəqibin üstünlüyünü etiraf edib və Azərbaycan klubunun növbəti mərhələyə vəsiqəyə layiq olduğunu bildirib.

“Azərbaycan komandasını təbrik edirəm. Onların heyətində çox yaxşı və təcrübəli oyunçular var. Bu gün daha güclü olduqlarını sübut etdilər. Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməyə layiq idilər. Təəssüf ki, biz ən yaxşı oyunumuzu göstərə bilmədik. Lakin CEV Kubokunda mübarizəmizi davam etdirəcəyik. İnanıram ki, orada əsl potensialımızı ortaya qoya biləcəyik”, - deyə Todorova bildirib.

Qeyd edək ki, “Turan” ilk oyunda da “Maritsa”nı 3:0 hesabı ilə məğlub edib. Beləliklə, iki görüşün nəticəsinə əsasən qələbə qazanan Tovuz klubu avrokuboklardakı debüt mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. Bununla da Azərbaycan təmsilçisi ölkəmizin təxminən 10 ildən sonra turnirin əsas mərhələsində iştirakını təmin edib.

“Turan” D qrupunda Türkiyənin “Eczacıbaşı Peron”, İtaliyanın “Savino Del Bene Scandicci” və Serbiyanın “Tent Obrenovaç” komandaları ilə mübarizə aparacaq. Azərbaycan klubu qrup mərhələsində ilk oyununu noyabrın 25-də səfərdə İtaliya təmsilçisinə qarşı keçirəcək.

İdman.Biz