Yığmamızın yeni iranlı məşqçisi: “Buna yaxın zamanda nail ola bilmərik”

Xəbərlər
4 Mart 2024 12:05
211
Yığmamızın yeni iranlı məşqçisi: “Buna yaxın zamanda nail ola bilmərik”

“Azərbaycana gəldiyim üçün həm qürur hissi keçirirəm, həm də çox sevincliyəm”.

Bunu İdman.bizə yeniyetmə və gənc oğlanlardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Cahangir Seyed Abbasi deyib.

İranlı mütəxəssis yığmaya gəlişini şərh edib. O bildirib ki, təklif Azərbaycan Voleybol Federasiyasından gəlib: “İnanıram ki, federasiyanın mənə olan etimadını doğruldacam. Bir məqsədimiz var. O da böyüklərdən ibarət komandaya voleybolçu yetişdirməkdir. Əlbəttə ki, buna yaxın zamanda nail ola bilmərik, amma uzun müddət bu amala çatmaq üçün çalışacağıq”.

Abbasinin sözlərinə görə, o, təkcə yeniyetmə və gənc voleybolçular deyil, bütün yaş qrupunda olana uşaqlarla birlikdə işləyəcək: “Bu səbəbdən ilk işimiz Azərbaycan voleybolunda fiziki göstəriciləri dünya standartlarına yaxınlaşdırmaqdır. Buna görə də hər şeyi yenidən qurmalıyıq. Ölkənin bütün regionlarından uzunboylu və istedadlı uşaqları seçmişik. Onların içərisindən də ən perspektivlilərlə birgə çalışıb yetişdirəcəyik. Federasiyanın gözləntisi budur. Bu, düzgün bir istiqamətdir. Oğlan voleybolu Azərbaycanda qızlardan bir addım geridədir. Federasiyamız da bu geriliyi aradan qaldırıb, qızlarla birgə oğlanlarından nəticə gözləyir”.

Qeyd edək ki, Abbasi 3 gün öncə Quba, Qusar və Xaçmaz bölgəsindən seçim edərək 5 yeniyetməni Bakı düşərgəsinə çağırıb.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: