20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının birinci təsnifat mərhələsində (EEVZA - Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) iştirak etmək üçün Gürcüstana yola düşüb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, oktyabrın 22-25-də Rustavi şəhərində keçiriləcək yarışda komandaya Gökhan Edman rəhbərlik edəcək.
Azərbaycan millisi A qrupunda Polşa və Latviya yığmalarına qarşı çıxış edəcək. Digər qrupda isə Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna komandaları yer alacaqlar.
Reqlamentə əsasən, qruplarda birinci yeri tutacaq komandalar (A1-B1) turnirin qalibini müəyyənləşdirmək üçün həlledici oyunda qarşılaşacaqlar. Qruplarda ikinci və üçüncü yerləri tutacaq kollektivlər isə müvafiq olaraq A2-B2 və A3-B3 qarşılaşmalarında turnirdəki yekun sıralamalarını müəyyənləşdirəcəklər.
A1-B1 qarşılaşmasının qalibi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. İkinci, üçüncü və dördüncü yerləri tutacaq komandalar isə qitə çempionatının ikinci təsnifat mərhələsində iştirak hüququ əldə edəcəklər.
