“Turan”ın voleybol komandasının baş məşqçisi Ziya Rəcəbov CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Xorvatiyanın “Mladost” klubu üzərində qazanılan qələbəni şərh edib.
İdman.Biz-in Tovuza ezam olunmuş əməkdaşının məlumatına görə, mütəxəssis rəqibin mübariz komanda olduğunu vurğulayıb:
“Rəqib xarakterli komanda olduğuna görə bir qədər gərgin mübarizə getdi. Amma oyunun asan keçdiyini deməzdim. Gənc komanda olmasına baxmayaraq, rəqib çox ruhlu, mübarizə aparmağı sevən komandadır.
Bu, hələ son deyil. İnşallah, fürsətimizi dəyərləndirəcəyik və öz sözümüzü deyəcəyik. Ev oyununda qələbə qazansaq belə, bu o demək deyil ki, rahatlaşacağıq”.
Rəcəbov komandanın heyətindəki oyunçulara münasibətindən də danışıb. Baş məşqçi kollektivdə əsas və ikinci heyət bölgüsünün olmadığını bildirib:
“Bizdə birinci heyət, ikinci heyət bölgüsü yoxdur. Bütün qızlarıma uğurlar arzulayıram, onları öpürəm. Bu gün yaxşı oyun nümayiş etdirdilər. Ev tapşırıqlarımızın hamısı istədiyimiz kimi alınmadı, amma eybi yoxdur, inşallah, bunlar düzələcək. Əvvəlcədən də demişdim ki, oyunçuların özlərinə gəlməsi və bir-birlərinə uyğunlaşması üçün zaman lazımdır”.
Baş məşqçi sonda azarkeşlərə və Tovuz ictimaiyyətinə təşəkkürünü çatdırıb.
Qeyd edək ki, “Turan” bu gün CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Xorvatiyanın “Mladost” klubunu 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında cavab qarşılaşması oktyabrın 29-da Xorvatiyada keçiriləcək.
