Voleybol üzrə “Turan” klubu bu gün tarix yazmağa hazırlaşır. Cəmi bir il əvvəl yaradılan komanda debüt mövsümündə Azərbaycan çempionu olub, indi isə tarixində ilk dəfə CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizəyə qoşulacaq. Tovuz təmsilçisinin rəqibi Xorvatiyanın paytaxtı Zaqrebin eyniadlı “Mladost” klubudur.
İdman.Biz xəbər verir ki, bu komanda təkcə Xorvatiya çempionu deyil, həm də 1991-ci ildə Avropanın ən nüfuzlu klub turnirinin qalibi olub və daha iki dəfə finala yüksəlib.
Bununla belə, “Turan” da artıq diqqətləri üzərinə çəkməyi bacarıb. Klub yeni mövsüm öncəsi heyətinə bir sıra tanınmış legionerlər cəlb edib. Bundan əlavə, tarixi qarşılaşmaya hazırlıq məqsədilə Tovuz Olimpiya İdman Kompleksində yenidənqurma işləri aparılıb. Komandanın doğma meydanda azarkeş dəstəyinə arxalana biləcəyi şübhə doğurmur. Hələ ötən mövsüm yerli azarkeşlər “Turan”ın uğurlarını böyük coşqu ilə qarşılayır, tribunaları dolduraraq voleybolçulara dəstək verirdilər. İndi isə klubun Avropa arenasına çıxması ilə bu atmosferin daha da möhtəşəm olacağı gözlənilir.
“Turan”ın avrokuboklardakı iddialarının böyük olduğunu klubun hazırlıq prosesindən də görmək mümkündür. Komanda İtaliya, Yunanıstan və Türkiyədə təlim-məşq toplanışları keçirib, bir sıra yoxlama oyunlarında qüvvəsini sınayıb. Rəqiblər arasında Türkiyənin güclü klublarından olan “Fənərbağça” da yer alıb. Tovuz təmsilçisi həmin qarşılaşmada 1:3 (20:25, 18:25, 26:24, 18:25) hesabı ilə məğlub olsa da, rəqibindən bir set almağı bacarıb.
Mövsümöncəsi hazırlığın digər diqqətçəkən məqamı İtaliyanın “Omag Konsolini” klubu ilə keçirilən görüş olub. Rəqib ilk üç məşq setində qalib gəlsə də, “Turan” oyunun gedişində vəziyyəti dəyişərək son iki seti öz xeyrinə başa vurub. Qeyd etmək lazımdır ki, bu qarşılaşma adi oyun formatında deyil, məşq məqsədilə beş set üzərindən keçirilib. Azərbaycan çempionatında yeni mövsüm hələ başlamadığından Tovuz klubunun hazırkı durumunu əsasən bu yoxlama oyunları əsasında qiymətləndirmək mümkündür.
Komandanın heyətində mövsümlərarası fasilədə baş verən əsas dəyişikliklərdən biri də ciddi yenilənmədir. “Turan” beynəlxalq təcrübəyə malik legionerlərə üstünlük verib.
Hücum xəttinin əsas simalarından birinin kubalı Keniya Karkases olacağı gözlənilir. Təcrübəli hücumçu komandanın ən nüfuzlu transferlərindən biridir. Kubanın digər təmsilçisi Ana İlyan Klegger isə diaqonal hücumçu mövqeyində çıxış edərək komandanın hücum potensialını artırmağa çalışacaq.
Asiyalı legionerlərin də rolu az olmayacaq. Çinli Yan Hanyu blok və birinci tempdən hücumlarla tor önündə komandanı gücləndirə bilər. Cənubi koreyalı Li Da Yon isə toppaylayıcı mövqeyində hücumların təşkilinə cavabdeh olacaq.
Yeni transferlərin siyahısı bununla bitmir. Komandanın heyətində cənubi koreyalı Li Ce Yon, kubalı Vilma Salas, yaponiyalı Minami Yeşioka, eləcə də Azərbaycan millisinin liderlərindən biri olan Yelizaveta Ruban da yer alıb.
“Mladost” necə komandadır?
1945-ci ildə yaradılan “Mladost” Xorvatiya voleybolu tarixinin ən titullu klublarından sayılır. Komandanın Avropa arenasındakı ən parlaq uğuru 1991-ci ilə təsadüf edir. Həmin vaxt Zaqreb təmsilçisi qitənin əsas klub turnirinin qalibi olub. Komandanın heyətində SSRİ millisinin voleybolçuları İrina Kirillova, Yelena Çebukina və Valentina Makovetskaya da çıxış ediblər. Onlar daha əvvəl 1988-ci il Olimpiya Oyunlarında və 1990-cı il dünya çempionatında qızıl medal qazanmışdılar. Komandanın baş məşqçisi isə məşhur sovet mütəxəssisi Nikolay Karpol olub.
Müasir “Mladost” hələ ki həmin nəslin Avropa miqyasındakı uğurlarını təkrarlaya bilməsə də, ölkə daxilində iddialı çıxışını davam etdirir. Xorvatiya təmsilçisi 2025/26 mövsümündə ölkə çempionluğunu və kubokunu qazanıb, həmçinin MEVZA regional liqasının qalibi olub. CEV Kubokunda isə 1/8 finala qədər irəliləyib. Bu mərhələdə Polşanın “MOYA Radomka Radom” komandasına qızıl setdə məğlub olaraq mübarizəni dayandırıb.
Xorvatiya klubu yeni mövsümə də ciddi hazırlaşıb. Avqustda italiyalı baş məşqçi Rikardo Boyerinin rəhbərliyi altında Sloveniyanın Maribor şəhərində təlim-məşq toplanışı keçirən komanda sentyabrda “Giganci Siatkówki” beynəlxalq turnirində iştirak edib. Lakin bu yarış “Mladost” üçün uğurlu alınmayıb. Xorvatiyalılar Polşanın “DevelloPres” klubuna 0:3, Türkiyənin “Zeren Spor” komandasına isə 1:3 hesabı ilə uduzaraq turniri dördüncü, sonuncu pillədə başa vurublar.
Bununla belə, mövsümöncəsi turnirdəki uğursuzluq “Mladost”un ölkə çempionatına inamlı başlamasına mane olmayıb. Komanda “Ribola Kaştela”, “Keltex” və “Nebo” üzərində ardıcıl üç qələbə qazanıb. Üstəlik, hər üç qarşılaşma xorvatiyalıların 3:0 hesablı üstünlüyü ilə başa çatıb. Beləliklə, “Mladost” hələ məğlubiyyətlə üzləşməyib. Lakin heyətini ciddi şəkildə yeniləyən “Turan”la görüş onun üçün daha yüksək səviyyəli sınaq olacaq.
Xorvatiya komandasının heyətində xüsusi diqqət yetirilməli bir neçə voleybolçu var. Yeni transferlər arasında yunanıstanlı hücumçu Konstantina Vlahaçi seçilir. O, sentyabrda keçirilən turnirin “DevelloPres”lə yarımfinal matçında doqquz xal toplayaraq “Mladost”un ən məhsuldar oyunçusu olub.
Gənc toppaylayıcı Ana Prkaçin də diqqətəlayiq voleybolçulardandır. O, 2026-cı ilin yanvarında Xorvatiyanın gənclər çempionatının ən dəyərli oyunçusu və turnirin ən yaxşı toppaylayıcısı seçilib. Həmin vaxt “Mladost”un gənclər komandası çempionatda bütün oyunları qələbə ilə başa vurmuş, Prkaçin isə ölkə səviyyəsində potensialını nümayiş etdirmişdi.
Bununla yanaşı, “Mladost” təkcə yeni transferlərinə deyil, ötən mövsüm komandada çıxış edən voleybolçularına da güvənir. Onlardan biri keniyalı diaqonal hücumçu Pamela Adiambo Ovino-dur. O, sentyabrda Türkiyənin “Zeren Spor” klubu ilə qarşılaşmada 23 xal toplayaraq “Mladost”un ən məhsuldar oyunçusu olub. Ovino ötən mövsüm Xorvatiya Kubokunun həlledici oyunlarında da fərqlənib.
Komandanın digər vacib oyunçusu xorvatiyalı hücumçu Ana İştukdur. Təcrübəli voleybolçu kollektivin əsas simalarından sayılır. Mərkəz blokçusu Mirta Froind də komandanın aparıcı oyunçularındandır. Xorvatiya millisinin üzvü olan voleybolçu tor önündə mühüm rol oynayır. O, “Nebo” ilə görüşdə 11 xal qazanıb.
Froind Azərbaycana yola düşməzdən əvvəl klubun mətbuat xidmətinə açıqlamasında qarşıdakı oyunla bağlı gözləntilərini bölüşüb. Onun sözlərinə görə, xorvatiyalılar sosial şəbəkələrdə yayımlanan yoxlama oyunlarının videoları vasitəsilə “Turan”ın çıxışını təhlil ediblər. Voleybolçu rəqibin heyətində çoxsaylı legionerlərin olduğunu, onların təcrübəsini və komandanın ciddi hazırlıq keçdiyini vurğulayıb.
Froind Tovuza səfərin çətinliyindən də danışıb. Komanda əvvəlcə İstanbul üzərindən Bakıya gəlib, paytaxtdan isə təxminən beş saatlıq qatar yolunu qət edərək Tovuza çatmalı olub. Bununla belə, xorvatiyalı voleybolçu komandası üçün vacib üstünlüyü də qeyd edib: cavab qarşılaşması Zaqrebdə, doğma meydanda keçiriləcək.
Beləliklə, “Turan”ı zəngin tarixə, avrokubok təcrübəsinə və çempionluq qazanmış, artıq birgə oynamaq vərdişinə malik heyətə sahib rəqib gözləyir. Komandalar arasındakı əsas fərqlərdən biri də məhz budur. “Mladost” yay fasiləsində çempion heyətinin böyük hissəsini qoruyub saxladığı halda, “Turan” 11 yeni oyunçu ilə güclənib. Bir tərəfdən, bu transferlər Tovuz klubunun heyət keyfiyyətini artırıb. Digər tərəfdən isə yeni voleybolçuların bir-birinə uyğunlaşması və meydanda qarşılıqlı anlaşma yaratması müəyyən vaxt tələb edə bilər.
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə necə yüksələ bilər?
Qrup mərhələsinə vəsiqə qazanmaq üçün “Turan” ikinci və üçüncü təsnifat mərhələlərini adlamalıdır.
CEV-in qərarına əsasən, qadın voleybolçular arasında 2026/27 mövsümünün Çempionlar Liqasının təsnifat mərhələsi birbaşa ikinci raunddan başlayır. Bu mərhələdə səkkiz komanda dörd cütə bölünür. Cütlərin qalibləri üçüncü təsnifat mərhələsinə yüksəlirlər. Növbəti mərhələnin yekununda isə yalnız iki komanda qrup mərhələsinə vəsiqə qazanacaq.
Təsnifat mərhələsində mübarizəni dayandıran komandalar Avropa voleybolunun ikinci dərəcəli klub turniri olan CEV Kubokuna keçəcəklər. Onlar mübarizəyə 1/16 final mərhələsindən qoşulacaqlar.
Qeyd edək ki, 2026/27 mövsümündə iki oyundan ibarət qarşılaşmaların qalibinin müəyyənləşdirilməsi qaydası da dəyişib. Artıq növbəti mərhələyə birbaşa yüksəlmək üçün komanda hər iki oyunda qalib gəlməlidir. Tərəflər hərəyə bir qələbə qazanarsa, setlərin ümumi hesabından asılı olmayaraq, qalib “qızıl set” vasitəsilə müəyyənləşəcək.
Qrup mərhələsinə yüksələcəyi təqdirdə, “Turan” beş qrupdan birində mübarizə aparacaq və hər rəqiblə öz meydanında, eləcə də səfərdə olmaqla ümumilikdə altı oyun keçirəcək. Qrup qalibləri birbaşa 1/4 finala vəsiqə qazanacaqlar. İkinci yerləri tutan komandalar və üçüncü pillədə qərarlaşanlar arasında ən yaxşı nəticəyə malik kollektiv isə pley-offda daha üç 1/4 final vəsiqəsi uğrunda mübarizə aparacaq. Üçüncü yerləri tutan digər dörd komanda isə avrokubok mövsümünü CEV Kubokunun 1/4 final mərhələsində davam etdirəcək.
Xatırladaq ki, “Turan”ın Çempionlar Liqasındakı ilk oyunu bu gün saat 19:00-da başlayacaq. “Turan”la “Mladost” arasında cavab qarşılaşması isə oktyabrın 29-da Zaqrebdə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
