Həsən Zeynalov: “Sevincimin həddi-hüdudu yoxdur” - İDMAN.BİZ TOVUZDAN - VİDEO

20 Oktyabr 2026 21:31
133
Həsən Zeynalov: “Sevincimin həddi-hüdudu yoxdur” - İDMAN.BİZ TOVUZDAN

“Turan” voleybol klubunun prezidenti Həsən Zeynalov komandanın CEV Çempionlar Liqasındakı uğurlu startını, Tovuzda yaşanan azarkeş coşqusunu və kollektivin gələcək hədəflərini şərh edib.

İdman.Biz-in Tovuza ezam olunmuş əməkdaşının məlumatına görə, klub prezidenti qarşılaşma zamanı yaranan atmosferdən məmnunluğunu ifadə edib:

“Möhtəşəm görüntü var idi. Hamı bir-birinə dəstək olurdu. Sadəcə, bəzi səhvlərimiz oldu. Üçüncü setdəki səhvlərdən sonra hesabda geri düşmüşdük.

Oyunun əvvəlində bəzən həyəcan yaşayırdıq. Amma təcrübəmiz var, bilirəm ki, zamanla bu problemlər aradan qalxacaq. Həyəcan aldadıcı ola bilər”.

Zeynalov qarşılaşmanın 3:0 hesabı ilə başa çatmasının əhəmiyyətinə də toxunub. O, qələbənin asan əldə olunmadığını vurğulayıb və komandanın potensialına inandığını bildirib.

Klub prezidenti “Turan”ın gələcək hədəflərindən danışarkən Çempionlar Liqasında irəliləmək istədiklərini qeyd edib:

“İnşallah, hədəfimiz Çempionlar Liqasında mərhələ adlamaqdır. Orada da özümüzü göstərmək istəyirik. Zamanla daha da yaxşı olacağımıza inanıram. Qarşıda vaxtımız var”.

Həsən Zeynalov Tovuzda voleybola göstərilən maraqdan və azarkeş dəstəyindən də danışıb:

“Azərbaycan tarixi, Tovuz tarixi üçün önəmli gün idi. Sevincimin həddi-hüdudu yoxdur. Oyunda böyük azarkeş izdihamı var idi. Bütün tovuzlulara təşəkkür edirəm”.

Qeyd edək ki, “Turan” bu gün CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Xorvatiyanın “Mladost” klubunu 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında cavab qarşılaşması oktyabrın 29-da Xorvatiyada keçiriləcək.

İdman.Biz