AVF yeni mövsüm öncəsi 35-ə yaxın hakim üçün seminar keçirib - FOTO

18 Oktyabr 2026 19:45
105
AVF yeni mövsüm öncəsi 35-ə yaxın hakim üçün seminar keçirib - FOTO

Azərbaycan Voleybol Federasiyası (AVF) 2026-2027-ci illər mövsümündə keçiriləcək yarışlarda fəaliyyət göstərəcək hakimlər üçün seminar təşkil edib.

İdman.Biz xəbər verir ki, oktyabrın 18-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən tədbirdə Bakı və bölgələri təmsil edən 35-ə yaxın hakim iştirak edib.

Seminarı AVF-nin Hakimlər Komissiyasının sədri, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və komissiya sədrinin müavini, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev aparıblar.

İştirakçılara yeni mövsümdə təşkil olunacaq yarışlar və voleybol qaydalarına edilən dəyişikliklər barədə ətraflı məlumat verilib. Hakimləri maraqlandıran suallar cavablandırılıb.

Beynəlxalq dərəcəli hakim Fuad Ağayev isə qaydalara əlavə edilən 12 bəndi izah edib. Həmçinin video materiallar əsasında sentyabrın 23-dən qüvvəyə minən yeni qaydalar təhlil olunub.

Qeyd edək ki, AVF hakimlərin bilik və bacarıqlarının artırılması, peşəkar inkişaflarının dəstəklənməsi məqsədilə mütəmadi seminarlar keçirir. Yaxın vaxtlarda hakimlik fəaliyyətinə yeni başlamaq istəyən şəxslər üçün də analoji tədbirlərin təşkili planlaşdırılır.

İdman.Biz