UNEC klubunun prezidenti: “Yeni mövsümdə ilk üçlükdə yer almağı hədəfləyirik” - MÜSAHİBƏ

21 Avqust 2026 18:13
79
UNEC klubunun prezidenti: “Yeni mövsümdə ilk üçlükdə yer almağı hədəfləyirik” - MÜSAHİBƏ

“Transferlər ilk növbədə baş məşqçinin seçimləri və komandanın mövqelər üzrə ehtiyacları əsasında həyata keçirilib”.

Bunu qadın voleybolçulardan ibarət UNEC komandasının prezidenti Vüqar Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Komandanızın yeni mövsümə hazırlığı hansı mərhələdədir və qarşıya qoyulan hədəflər nələrdir?

- Hazırda yeni mövsüm üçün hazırlıq və heyətin komplektləşdirilməsi prosesi davam edir. Ötən mövsüm bizim üçün həm nəticə, həm də təcrübə baxımından əhəmiyyətli oldu. Çempionatın ilk yarısında yüksək yerlər uğrunda mübarizə apardıq. Lakin sonrakı mərhələdə aparıcı oyunçularımızın zədələnməsi nəticələrimizə təsir göstərdi və mövsümü 5-ci pillədə başa vurduq.

Yeni mövsümdə əsas məqsədimiz ötənilki nəticəni yaxşılaşdırmaq və çempionatın ilk üçlüyündə yer almaqdır. Bunun üçün yerli oyunçulardan ibarət əsas heyəti formalaşdırmaqla yanaşı, müəyyən mövqeləri legionerlərin hesabına gücləndirməyə çalışırıq. İstəyimiz mövsüm ərzində sabit və rəqabətədavamlı oyun nümayiş etdirən komanda yaratmaqdır.

- İndiyədək 4 legioner voleybolçu ilə müqavilə imzalanıb. Bu transferlər hansı meyarlar əsasında həyata keçirilib?

- Transferlər ilk növbədə baş məşqçinin seçimləri və komandanın mövqelər üzrə ehtiyacları əsasında həyata keçirilib. Bizim üçün yalnız oyunçunun statistik göstəriciləri deyil, onun təcrübəsi, fiziki imkanları, oyun intizamı və komandaya uyğunluğu da önəmlidir.

Ötən mövsüm əldə etdiyimiz təcrübəni də nəzərə almışıq. Həmin heyətdə 6 legioner çıxış edirdi. Bu dəfə məqsədimiz çoxsaylı transferlər etmək deyil, konkret mövqelərə uyğun və komandaya real güc qata biləcək oyunçuları seçməkdir. Baş məşqçinin rəyi burada həlledici rol oynayır. Transfer siyasətimizi də onun qurmaq istədiyi oyun sisteminə uyğun həyata keçiririk.

- Legionerlərin heyətə hansı keyfiyyətləri qazandıracağı gözlənilir?

- Əsas məqsəd komandada rəqabəti artırmaq və həlledici mövqelərdə daha yüksək səviyyəli oyun keyfiyyəti əldə etməkdir. Legionerlərdən ilk növbədə təcrübə, sabitlik və çətin oyunlarda məsuliyyəti üzərinə götürmək bacarığı gözləyirik.

Eyni zamanda, onların komandada olması yerli, xüsusilə də gənc voleybolçularımız üçün əlavə inkişaf imkanları yaradır. Güclü legionerlərlə gündəlik məşq etmək yerli oyunçuların da səviyyəsinin yüksəlməsinə kömək edir.

Biz legionerlərə ayrı-ayrı fərdlər kimi deyil, ümumi komanda sisteminin bir hissəsi kimi baxırıq. Məqsədimiz yerli və xarici voleybolçular arasında düzgün balans yaratmaq, kollektiv oyun keyfiyyətini yüksəltmək və UNEC-i medallar uğrunda real mübarizə aparan komanda səviyyəsinə çatdırmaqdır.

- Heyətin daha neçə legionerlə gücləndirilməsi planlaşdırılır?

- Bildiyiniz kimi, çempionatda xarici oyunçular üçün limit 5 nəfərdir. Hazırda 4 legionerlə müqavilə imzalamışıq və heyətə daha bir xarici oyunçu əlavə etməyi planlaşdırırıq.

Hazırda bir neçə namizəd üzərində seçimləri araşdırırıq. Tələsmək istəmirik. Məqsədimiz komandanın ehtiyaclarına və baş məşqçinin oyun sisteminə ən uyğun voleybolçunu heyətə cəlb etməkdir.

İnanırıq ki, düzgün transfer siyasəti və məqsədyönlü hazırlıq nəticəsində yeni mövsümdə daha uğurlu çıxış edəcək, qarşıya qoyduğumuz hədəflərə çatacaq komandaya sahib olacağıq.

İdman.Biz