“Turan” Çempionlar Liqasına hazırlığı Bakıda yekunlaşdırır - FOTO

6 Oktyabr 2026 16:10
71
“Turan” Çempionlar Liqasına hazırlığı Bakıda yekunlaşdırır - FOTO

Çempionlar Liqasında ölkəmizi təmsil edəcək qadın voleybolçulardan ibarət “Turan” klubu hazırlığının son mərhələsini keçir.

İdman.Biz xəbər verir ki, yay fasiləsində heyətini gücləndirən Tovuz təmsilçisi Koreya, Kuba, Yaponiya, Serbiya, Slovakiya və Çin voleybol məktəblərinin tanınmış oyunçularını sıralarına cəlb edib. Bununla yanaşı, Azərbaycan millisinin üzvləri də “Turan”ın uğurları üçün mübarizə aparacaqlar.

Baş məşqçi Ziya Rəcəbovun rəhbərlik etdiyi komandanın hazırlıq proqramının əsas mərhələlərindən biri İtaliyanın Misano şəhərində baş tutub. Burada intensiv məşqlərlə yanaşı, yoxlama oyunları da keçirilib.

Ardınca Yunanıstana yollanan kollektiv Santorini şəhərində təlim-məşq toplanışını davam etdirib. Hazırlığın bu mərhələsində də məşqlər və yoxlama görüşləri əsas yer tutub.

“Turan” daha sonra İstanbulda hazırlığını davam etdirib. Komanda burada Avropanın aparıcı klublarından “Fənərbağça” ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Hazırlığın son mərhələsi isə Bakıda – klubun Zaqulbada yerləşən Təlim-Tədris Mərkəzində davam edir. Uzunmüddətli hazırlıq prosesində fiziki, taktiki və psixoloji hazırlığın yüksək səviyyəyə çatdırılması əsas prioritetlərdəndir.

Qeyd edək ki, “Turan” CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Mladost”la qarşılaşacaq. İlk oyun oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək və saat 19:00-da başlayacaq.

İdman.Biz