“Bakıda keçiriləcək Avropa çempionatına ən yaxşı formada yollanmaq istəyirik” - Natali Lemmensin İDMAN.BİZ-ə AÇIQLAMASI

6 İyun 2026 11:40
175
“Bakıda keçiriləcək Avropa çempionatına ən yaxşı formada yollanmaq istəyirik” - Natali Lemmensin İDMAN.BİZ-ə AÇIQLAMASI

Bir neçə gün əvvəl qadın voleybolçular arasında Millətlər Liqasına start verilib. Turnirin iştirakçıları arasında avqust ayında Bakıda keçiriləcək Avropa çempionatında çıxış edəcək komandalar da var. Onların sırasında Faiq Qarayevin yetirmələri ilə qrup mərhələsində qarşılaşacaq Belçika və Niderland milliləri də yer alır.

İdman.Biz xəbər verir ki, Belçika yığması yarışa Polşaya məğlubiyyətlə başlayıb. Komanda gərgin keçən beşsetlik qarşılaşmada rəqibinə uduzub. Onları qarşıda Çexiya, Tailand və Serbiya millilərinə qarşı oyunlar gözləyir.

Hazırkı heyətin ən təcrübəli voleybolçularından biri olan blokçu Natali Lemmens Millətlər Liqası və Avropa çempionatı ilə bağlı komandanın qarşısında duran vəzifələrdən danışıb.

Polşa ilə oyundan sonra videomüsahibə verən Lemmens bildirib:

"Millətlər Liqası bizim üçün həmişə dünyanın ən güclü komandaları fonunda özümüzü sınamaq üçün əla imkandır. Hər oyun bizə hansı komponentlər üzərində daha çox işləməli olduğumuzu göstərir. Turnir qarşıdan gələn Avropa çempionatı baxımından da vacibdir. Həmin yarış maksimum hazırlıq tələb edir. Buna görə də indiki hər görüş daha güclü olmağımıza və potensialımızı daha yaxşı qiymətləndirməyimizə kömək edir".

Belçikanın qitə çempionatında nə qədər irəli gedə biləcəyi ilə bağlı suala cavab verən blokçu bunları söyləyib:

“Ən yaxşı formamıza çatmaq və mümkün qədər uzağa getmək istəyirik. Hazırda Avropada rəqabət çox yüksəkdir. Lakin həm təcrübəli oyunçularımız, həm də istedadlı gənclərimiz var. Öz gücümüzdə oynasaq, istənilən rəqiblə mübarizə apara bilərik”.

Niderland millisinə gəlincə, komanda Millətlər Liqasına Braziliyaya 1:3 hesablı məğlubiyyətlə başlayıb. Təqvimə əsasən, növbəti görüşlər Türkiyə, İtaliya və Dominikan Respublikası yığmalarına qarşı olacaq.

Reytinq xarakterli turnirin əsas favoritləri ənənəvi olaraq Avropa çempionu Türkiyə, Olimpiya çempionu İtaliya, eləcə də Braziliya, Polşa, ABŞ və Serbiya milliləri hesab olunur.

Mütəxəssislərin fikrincə, builki Millətlər Liqası komandaların məşqçilər korpusuna Avropa çempionatından əvvəl heyətlə bağlı son qərarları verməyə imkan yaradacaq.

Aparıcı yığmaların əksəriyyəti hazırda geniş rotasiyadan istifadə edir, gənc voleybolçuları sınaqdan keçirir və müxtəlif taktiki sxemlər üzərində işləyir.

İdman.Biz