Qızıl Avropa Liqasının mərhələ oyunları Bakıda keçiriləcək

Xəbərlər
11 Yanvar 2024 12:50
789
Qızıl Avropa Liqasının mərhələ oyunları Bakıda keçiriləcək

Voleybol üzrə Qızıl Avropa Liqasının mərhələ oyunları Bakıda keçiriləcək.

İdman.biz xəbər verir ki, həm kişi, həm qadın voleybolçulardan ibarət Azərbaycan milli komandaları iki matçı evdə keçirmək imkanı qazanıb.

Bu ildən yeni formatda təşkil olunacaq yarışın birinci mərhələsi üç hissədən ibarət olacaq. Hər raund bir ölkədə mini turnir formatında keçiriləcək.

Faiq Qarayevin baş məşqçi postuna qayıdışından sonra ilk sınağına çıxacaq qadınlardan ibarət yığmamız mayın 17-19-da Xorvatiyada meydan sahibləri və Slovakiya ilə üz-üzə gələcək. Komandamız mayın 24-26-da Rumıniyada təşkil olunacaq ikinci raundda ev sahibləri və İsveçlə qarşılaşacaq. Mayın 31-dən iyunun 2-dək davam edəcək son mərhələdə Faiq Qarayevin yetirmələri Estoniya və Avstriyanı sınağa çəkəcəklər. Millimiz bu üç mərhələni uğurla keçərsə, iyunun 15-16-da Çexiyada keçiriləcək “Dördlər finalı”na vəsiqə qazanacaq.

Kişilərdən ibarət millimiz mübarizəyə Bakıda başlayacaq. Mayın 17-19-dakı mini turnirdə yığmamız Rumıniya və Ukrayna ilə görüşəcək. Ayın 24-26-da Belçikada mübarizə aparacaq komandamızın rəqibləri meydan sahibləri ilə Şimali Makedoniya olacaq. Yığmamız turniri Estoniyada başa vuracaq. Mayın 31-də Baltikyanı ölkə təmsilçisi ilə qarşılaşacaq komandamız ertəsi gün Lüksemburqu sınağa çəkəcək.

Qeyd edək ki, həm kişi, həm qadın voleybolçuların “Dördlər finalı”nın mükafat fondu 225 min avroya bərabərdir.

İdman.biz

Məqalədə: