18 yaşadək voleybolçu qızlar və oğlanlar arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan həlledici qarşılaşmalarda medalların sahibləri bəlli olub.
İdman.Biz xəbər verir ki, oğlanların mübarizəsində “Murov Az Terminal” komandası “Bakı RVK”nı 3:1 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Qızlar arasında isə üçüncü yeri “Oğuz RVK” klubuna 3:0 hesabı ilə qalib gələn “Möminə Xatun” komandası tutub.
Qızların final qarşılaşmasında “Milli Aviasiya Akademiyası” komandası “Lokomotiv”i 3:0 hesabı ilə üstələyərək yarışın qalibi adını qazanıb. Oğlanların həlledici görüşündə isə “Şərqi Zəngəzur RVK” komandası “ORDU”ya eyni hesabla (3:0) qalib gələrək çempionluğa yiyələnib.
Final oyunlarından sonra təşkil olunan mükafatlandırma mərasimində Azərbaycan Voleybol Federasiyası (AVF) ilə müqaviləsi başa çatan yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Şahin Çatmanın fəaliyyəti yüksək qiymətləndirilib. AVF prezidenti Şahin Bağırov 2023-cü ildə ölkəmizə dəvət olunan türkiyəli mütəxəssisə paytaxt və regionlarda voleybolun inkişafına verdiyi töhfələrə görə təşəkkürünü bildirib və ona federasiyanın təşəkkürnaməsini təqdim edib.
Gənclərdən ibarət milli komandanın üzvləri Şahin Çatmaya yığmanın simvolik formasını hədiyyə ediblər. Türkiyəli mütəxəssis öz çıxışında AVF rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlıq edib və yeniyetmə idmançıların gələcəkdə əsas yığmada uğurla çıxış edəcəklərinə əminliyini bildirib.
