“Oyundan öncə saç rezinlərimi heç kimlə paylaşmıram” - Kristina Besmanın İDMAN.BİZ-ə AÇIQLAMASI

2 Aprel 2026 15:12
198
“Oyundan öncə saç rezinlərimi heç kimlə paylaşmıram” - Kristina Besmanın İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycan millisinin voleybolçusu Kristina Besman “Omiçka” ilə Rusiya çempionatında onuncu yeri tutub.

O, gərgin keçən mövsümün yekunlarını İdman.Biz ilə bölüşüb.

Oyun qurucu bildirib ki, onuncu yer cəmi ikinci ildir mövcud olan komanda üçün ən yüksək nəticədir.

“Əlbəttə, pley-offa düşmək istəyirdik, amma hər şey mərhələli şəkildə edilir. Bu mövsümdə əsas üstünlüyümüz komanda oyunu və məşqçinin tapşırıqları oldu. Amma ayrı-ayrı oyunlarda daha yaxşı çıxış etsəydik, daha yüksək pillədə qərarlaşa bilərdik”, - deyə komandanın kapitanı vurğulayıb.

Mövsümün müntəzəm oyunları arasında o, “Leninqradka”ya qarşı hər iki görüşü xüsusi qeyd edib. Həmin komandada Azərbaycan millisinin digər voleybolçusu Yelizaveta Ruban çıxış edir:

“Gərginlik və emosiyalar baxımından bu oyunları seçərdim. Qarşılaşmalar kompromissiz mübarizə şəraitində keçdi. Meydanda çoxlu emosiyalar yaşandı və azarkeşlər belə voleyboldan zövq aldı”.

O əlavə edib ki, “Omiçka” ev oyunlarını yeni arenada keçirməyə başlayıb və bu, bəzi matçların unudulmaz atmosferdə baş tutmasına səbəb olub:

“Bu, kifayət qədər həyəcanlı idi və belə xoş stressə komanda şəklində hazırlaşmaq mümkün deyil. Burada hər voleybolçu buna fərdi yanaşırdı”.

Kristina oyunlardan əvvəl riayət etdiyi müxtəlif əlamətlər və ənənələrdən də danışıb:

“İndi onların sayı çox deyil. Amma, məsələn, oyunlardan əvvəl komanda yoldaşlarımla saç rezinlərimi paylaşmamağa çalışıram”.

Besman mövsümün çətin dövrünü də xatırladıb. Həmin vaxt “Omiçka” uğursuzluq zolağına düşərək ardıcıl dörd oyunda məğlub olub:

“Bu, həmişə psixoloji təzyiq yaradır. Çünki qarşıya məqsədlər qoyulur və uğursuz seriya klubun durumuna təsir edir. Bəzən rəqib ən yaxşı oyununu göstərir, bəzən isə biz özümüz səhvlər edirik və rəqibi məğlub edə bilmirik. Bu vəziyyətdən çıxış yolu həmişə eynidir - işləmək, səbr etmək, özündə güc tapmaq və ruhdan düşməmək! Hər oyundan sonra nələri yaxşı, nələri pis etdiyimizi müzakirə edirik, analiz aparırıq və irəli gedirik”.

O əlavə edib ki, növbəti mövsümdə “Omiçka”nın əsas hədəfi pley-offa vəsiqə qazanmaq olacaq.

İdman.Biz