Faiq Qarayev: “Xalq və azarkeş bizdən qələbələr gözləyir”

Xəbərlər
27 Dekabr 2023 10:36
451
Faiq Qarayev: “Xalq və azarkeş bizdən qələbələr gözləyir”

"Mənim üçün xoş gündür. 2024-cü ildə voleybolda məşqçiliyimin 40 ili tamam olacaq. Prosesləri kənardan izləyə bilməzdim. Voleybol həmişə yüksəklərdə olub".

İdman.biz xəbər verir ki, bunu voleybol üzrə Azərbaycan millisinin yenidən baş məşqçisi təyin olunan Faiq Qarayev bu gün təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bu təklifi qəbul edərkən çox fikirləşdiyini bildirib: "İşim çox çətindir. Baş məşqçiliyə qayıdışla bağlı təklif zamanı qarşıma bir məqsəd qoydum. Bu, tək mənim işim deyil. Əl-ələ verib, bu idman növünü yüksəklərə qaldıra bilərik. Keçmişlə yaşaya bilmərik. Uğurlar olub. Yığmanın baş məşqçisi olmaq hər kəsə nəsib olmur. Şərəfli və məsuliyyətli işdir. Hesab edirəm ki, düzgün istiqamət götürsək, nailiyyətlər əldə edə bilərik".

O qeyd edək ki, Azərbaycanda voleybolun uğurları Prezident İlham Əliyevin adı ilə bağlıdır. Qarayev ölkə başçısının Milli Olimpiya Komitəsinin prezidenti kimi 2000-ci ilin əvvəllərində onlara böyük dəstək göstərdiyini xatırladıb: “Həmin vaxt şəraitimizin yaxşılaşdırılması istiqamətində bizə çox yardımçı oldu”.

Faiq Qarayev tənqidlərindən çəkinmədiyini də vurğulayıb: “Bundan qorxmuram. Mənə dəstək göstərdiyiniz üçün hamınıza təşəkkür edirəm. Xalq və azarkeş bizdən qələbələr gözləyir".

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: