“Azərbaycanda uşaqlar elə bil sifarişlə dünyaya gəlirlər” - Cahangir Seyid Abbasinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Müsahibə
16 Yanvar 2026 15:25
87
“Azərbaycanda uşaqlar elə bil sifarişlə dünyaya gəlirlər” - Cahangir Seyid Abbasinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Oyun növləri tarixində çox nadir hallarda rast gəlinən məşqçilərdən biri – Cahangir Seyid Abbasi – buna baxmayaraq ki, rəhbərlik etdiyi klub ölkə çempionatında bütün (!) matçlarda məğlub olur, işdən çıxarılmır. Səbəb isə sadədir: klubun ən yaşlı voleybolçusu hələ 20 yaşını tamam etməyib, demək olar ki, bütün komandası 15–18 yaşlı oğlanlardan ibarətdir və onların böyüklərlə mübarizə aparması əlbəttə ki, çox çətindir.

Bəs belə şəraitdə məşqçi özü necə hiss edir və hansı məqsədləri qarşıya qoyur?

İdman.Biz oxuculara Azərbaycanın gənclər yığmasının və “Gənclər” klubunun baş məşqçisi, iranlı mütəxəssis Cahangir Seyid Abbasinin müsahibəsini təqdim edir.

- “Gənclər” klubuna rəhbərlik etməzdən əvvəl Azərbaycanda olmusunuzmu?

- Bəli, əlbəttə. Mən özüm Urmiya əsilli azərbaycanlıyam və biz həmişə Azərbaycana gəlmək istəyirdik. Uşaq vaxtından mən də bunu arzulayırdım. Hətta indiki Neft Akademiyasına qəbul olmağa çalışdım, amma alınmadı, çünki İranda işləyəndə xaricdə təhsil almaq çox çətindir.

- Burada sadəcə tələbə ola bilmədiniz, amma baş məşqçi oldunuz.

- Bəli (gülür). 15 yanvar tarixində buradakı fəaliyyətimə iki il tamam oldu. Hazırda isə yaşama icazəmi uzatmaq üçün müvafiq sənədləri miqrasiya xidmətinə təqdim etmək üzrəyəm.

- Sizcə, Azərbaycanda kişi voleybolu niyə qadın voleybolu səviyyəsinə çata bilmir, baxmayaraq ki, qadın voleybolu da indi ən yaxşı dövrünü yaşamır?

- Bildiyiniz kimi, ölkənizdə qadın voleybolu həmişə çox populyar olub və bu, kişi voleyboluna mənfi təsir edib. Çünki bir çox kişilər, yeniyetmələr və gənclər voleybolu sadəcə qadın idmanı kimi qəbul edir. Atalar oğullarının istədiyi idman növü ilə məşğul olmasını istəyirlər – boks, güləş, karate, amma yalnız voleybol yox. Yeniyetmələr üçün bu hətta maraqsızdır.

Mən bunu özüm yaşadım, Azərbaycan rayonlarına yarım il səfər edərkən voleybol üçün uşaqlar topladım – Biləsuvar, Lənkəran, Astara, Masallı, Gəncə, Tovuz… Valideynləri Bakıda məşq üçün uşaqlarını verməyə razı salmaq çox çətin idi.

- Amma nəticədə razı saldınız və “Gənclər” klubunu yaratdınız, burada 20 yaşdan yuxarı demək olar ki, heç kim yoxdur.

- Bəli, amma inanın, bunu Azərbaycanda etmək Urmiyada etməkdən çox çətindir. Orada kişi voleybolu, məsələn, Braziliyada futbol qədər populyardır və mən orada uşaqlar toplamaq işində daha uğurlu idim, çünki insanlar maraqlıdır. Burada isə belə maraq yoxdur. Məktəb yarışlarında qızlar üçün 30–35 komanda toplanırsa, oğlanlarda 4–5 komandadan çox olmur.

- Bəs demək olar ki, kişi voleybolunun gələcəyi yoxdur?

- Mən belə qəti danışmazdım. Əksinə, Azərbaycan kişi voleybolunun gələcəyi qadın voleybolundan daha parlaq ola bilər. Ölkədə yüksəkboylu oğlanlar çoxdur, xüsusilə regionlarda, amma yüksəkboylu qızlarla problem var.

Məsələn, bizdə 2011-ci il təvəllüdlü 203 sm boyunda bir oğlan, 2008-ci il təvəllüdlü isə 209 sm boyunda bir oğlan var! Sonuncunun atasını razı salmaq üçün böyük çətinlik çəkdik – yalnız o özü Bakıya gəlib məşq şəraitini, qidalanmanı və vitaminləşməni gördükdən sonra oğlunu bizə verdi.

Qızlarla isə vəziyyət çox çətindir: onlar erkən evlənir, erkən uşaq sahibi olurlar. Azərbaycanda belə bir yazılmamış qayda var ki, evlənəndən sonra dərhal uşaq sahibi olmalısan. Kişilər üçün vəziyyət asandır – daha gec evlənə bilərlər və ordu komandasında oynayaraq voleybolu davam etdirə bilərlər.

-“Gənclər” bütün matçları uduzur, bu, oyunçuların psixologiyasına təsir etmir? Yoxsa onları fərqli klublara paylamaq, məğlubiyyət sindromu yaratmamaq daha yaxşı olmazdı?

- Mən sizi başa düşürəm, amma razılaşmıram. Onlar mənimlə tanış olana qədər hətta voleybol topunu əllərinə almayıblar. Bəli, uduzur, amma hər dəfə bacarıqlarını təkmilləşdirirlər. İndi onlardan bəziləri artıq ölkə çempionatında çıxış edən digər klubların əsas komandasında oynamağa hazırdır – hətta “Ordu”da belə.

Biz perspektivli uşaqları növbəti mövsümdə digər klublara göndərəcəyik. Onların yerinə həm klublarda, həm də yığmada çıxış edəcək digər gənc voleybolçular gələcək. Beləliklə, 9–10 oyunçunu sadəcə buraxacağıq - getsinlər və digər klublarda inkişaf etsinlər. Mən əminəm ki, minimum 6–7 “Gənclər” voleybolçusu iki ildən sonra artıq böyüklər yığmasında oynayacaq.

İdman.Biz