“Xilasedici” və “Ordu” klublarının baş məşqçilərinin yarımçıq dayandırılan oyunla bağlı İDMAN.BİZ-ə AÇIQLAMALARI - YENİLƏNİB

Xəbərlər
18 Dekabr 2025 17:07
209
“Xilasedici” və “Ordu” klublarının baş məşqçilərinin yarımçıq dayandırılan oyunla bağlı İDMAN.BİZ-ə AÇIQLAMALARI - YENİLƏNİB

Artıq xəbər verdiyimiz kimi, Voleybol üzrə Azərbaycan çempionatının yeddinci turunda “Xilasedici” ilə “Ordu” arasında keçirilən oyun yarımçıq dayandırılıb.

Əldə etdiyimiz məlumata görə, qarşılaşma ikinci setdə oyunun supervayzeri Zöhrab Gözəlbəyli tərəfindən meydançada yaranan gərginliyə görə dayandırılıb.

Baş vermiş insidentlə bağlı hər iki klubun baş məşqçisi İdman.Biz-ə açıqlama verib.

“Ordu” voleybol klubunun baş məşqçisi Cavid Süleymanov vurğulayıb ki, rəhbərlik etdiyi komanda birinci setdə 25:20, ikinci setdə isə 22:19 hesabı ilə öndə olub.

“Məhz bu vaxt Zöhrab müəllim matçı dayandırdı, halbuki biz oyunu davam etdirməyə hazır idik. Hadisənin detalları üzərində dayanmaq istəmirəm, amma artıq Azərbaycan Voleybol Federasiyasına müraciət etmişik. Rəqib komandanın baş məşqçisi Cəlil Cəlilovla münasibətlərim çox yaxşıdır və əminəm ki, dünən baş verənlər bu əlaqələrə heç bir təsir göstərməyəcək. İnanıram ki, AVF bu insidentlə bağlı ədalətli qərar verəcək”, - deyə Cavid Süleymanov bildirib.

Rəqib komandanın - “Xilasedici”nin baş məşqçisi olan Cəlil Cəlilovun isə açıqlaması belə olub:

“Cavidlə çox yaxın dostuq və dünən baş verənlərə görə təəssüf edirəm. Əminəm ki, bu insident nə bizim münasibətlərimizə, nə də voleybolçuların bir-birinə olan münasibətinə təsir edəcək. Federasiyanın qərarını gözləyirik və istənilən halda onu qəbul edəcəyik”.

Qeyd edək ki, bu insidentlə bağlı AVF-də keçirilən iclas artıq üç saatdan çoxdur davam edib. Toplantının sonunda qəbul edilən qərara görə, “Xilasedici” komandası həmin oyunda 0:3 hesabı ilə texniki məğlubiyyət alıb.

12:45

Voleybol üzrə Azərbaycan çempionatının yeddinci turunda “Xilasedici” ilə “Ordu” arasında keçirilən oyun yarımçıq dayandırılıb.

İdman.Biz-in əldə etdiyi məlumata görə, dünən Fövqəladə Hallar Nazirliyinin İdman Kompleksində baş tutan qarşılaşma ikinci setdə oyunun supervayzeri Zöhrab Gözəlbəyli tərəfindən meydançada yaranan gərginliyə görə dayandırılıb.

İnsidentlə bağlı bu gün Azərbaycan Voleybol Federasiyasında (AVF) növbədənkənar iclas keçiriləcək.

Toplantıda hər iki klubun baş məşqçiləri - “Xilasedici”nin çalışdırıcısı Cəlil Cəlilov və “Ordu”nun baş məşqçisi Cavid Süleymanov iştirak edəcək.

İdman.Biz hadisələrin inkişafını izləyəcək.

Vüqar Vüqarlı

İdman.Biz