“Çilidə yeni çağırışlarla üzləşəcəyimi və inkişaf üçün lazımi impuls qazanacağımı hiss etdim” - Dmitri Baranovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Müsahibə
30 Oktyabr 2025 13:14
103
“Çilidə yeni çağırışlarla üzləşəcəyimi və inkişaf üçün lazımi impuls qazanacağımı hiss etdim” - Dmitri Baranovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Azərbaycan millisinin voleybolçusu Dmitri Baranov Cənubi Amerika qitəsinə yollanır. Təcrübəli blokçu Çilinin “Deportivo Murano” klubu ilə müqavilə imzalayıb və hazırda onun üçün yeni olan bu ölkəyə və komandaya uyğunlaşma mərhələsindədir.

Okeanının o tayında qarşısında duran yeni məqsədlər və hədəflər barədə D.Baranov İdman.Biz-ə müsahibə verib.

- Dmitri, yeni mövsümü Çilidə başlayacaqsınız. Bunu karyeranızda yeni mərhələnin başlanğıcı hesab etmək olarmı?

-Bəli, “Deportivo Murano”ya keçid mənim üçün peşəkar inkişaf baxımından yeni imkanlar açır. Burada maraqlı fiziki hazırlıq proqramı, həm zalda, həm də meydançada çoxşaxəli məşqlər var. Bu, həm fiziki, həm də texniki cəhətdən inkişaf etməyə, oyun səviyyəmi artırmağa və komandaya maksimum fayda verməyə imkan yaradacaq.

- Keçidin tarixçəsindən danışardınız. Santiaqodan olan klub sizinlə necə əlaqə saxladı və sizi nə ilə özünə cəlb etdi?

- Klub mənimlə birbaşa əlaqə qurdu və biz çox tez ümumi dil tapdıq. İlk dəqiqələrdən hiss etdim ki, bu, karyeramı davam etdirmək istədiyim yerdir. Maraqlı gələn əsas məqam məşqçi heyəti idi. Burada Çili millisinin baş məşqçisi Kristobal Orellana, fiziki hazırlıq üzrə mütəxəssis Sebastyan Akosta və argentinalı köməkçi məşqçi Valter Balmaseda çalışır. Belə mütəxəssislərlə işləmək imkanı mənim üçün həlledici amil oldu. Əlbəttə, başqa ölkə klublarından da təkliflər var idi, yaxud Bakıda qalmaq variantı, amma mən hiss etdim ki, məhz burada yeni çağırışlar və inkişaf üçün doğru impuls əldə edəcəyəm.

Bundan əlavə, klubun özü də yüksək səviyyəsi ilə diqqətimi çəkdi. Son üç ildə “Deportivo Murano” ardıcıl olaraq Çili çempionu olub. Həmçinin, liqanın özü də maraqlı və rəqabətli səviyyəyə malikdir. Bu mövsüm klub Cənubi Amerika Kubokunda da çıxış edəcək və orada Braziliya, Argentina, Peru kimi güclü komandalarla qarşılaşacaq. Bu, özümü yüksək səviyyəli rəqiblər fonunda sınamaq üçün əla imkandır.

- “Deportivo Murano”ya “Neftçi”dən Aleksandr Maxov da qoşulub. Bu, sizə yeni mühitə uyğunlaşmaqda kömək edirmi?

- Bəli, Aleksandrla çoxdan tanışıq, ona görə də dərhal anlaşdıq. Hələ ki, məşq prosesinə tam uyğunlaşma mərhələsindəyik, amma artıq dörd rəsmi oyun keçirmişik və hamısında qələbə qazanmışıq. Bu, komandanın ruhunu xeyli yüksəldib. Adaptasiya uğurla gedir: uçuşdan dərhal sonra tam məşqlərə başladıq. Yeganə çətinlik - vaxt fərqidir. Buna görə bəzən axşam məşqlərində bir az yuxululuq hiss olunur (gülür).

- Latın Amerikasında özünəməxsus mühit var, ispanca və ya portuqalca bilmək üstünlük sayılır. Dili öyrənməyi düşünürsünüzmü?

- Əlbəttə. İki il İspaniyada oynadığım üçün ispanca baza səviyyəsində bilirəm. Hazırda yeni sözlər öyrənirəm, buna görə ünsiyyət iki dildə - ispanca və ingiliscə - qurulur.

- Keçən mövsümü Azərbaycanın Yüksək Liqa təmsilçisi “Xilasedici” klubunda keçirdiniz, ölkə kubokunu qazandınız, çempionatda bürünc medal əldə etdiniz. Bu mövsümü necə qiymətləndirirsiniz?

- “Xilasedici”dəki mövsüm mənim üçün çox önəmli idi. Ciddi diz əməliyyatından cəmi üç ay sonra meydana qayıtdım - bu, bərpa dövrü idi və mənə etimad göstərib oyun praktikasına qayıtmaq imkanı verdiyi üçün kluba minnətdaram. Çətinliklərə baxmayaraq, Azərbaycan Kubokunu qazandıq və çempionatda bürünc medal əldə etdik. Bu nəticə bizə avrokuboklara vəsiqə qazandırdı. Mövsüm mənim üçün çox dəyərli təcrübə oldu - hər çətinliyi aşa biləcəyimin sübutu idi. İndi tam bərpa olunmuşam və hiss edirəm ki, hər il həm fiziki, həm də psixoloji baxımdan daha da güclənəcəyəm.

- Ümumilikdə, Azərbaycan kişi voleybolunda inkişaf tendensiyalarını necə qiymətləndirirsiniz? Güclü yığma komandamız ola bilərmi?

- Hazırda Azərbaycan kişi voleybolunda real irəliləyiş müşahidə olunur. Federasiya bu istiqamətdə böyük işlər görür - gənclər üçün mərkəzlər açılır, rəqabətli çempionat keçirilir, infrastruktur inkişaf etdirilir. Bütün bunlar möhkəm baza yaradır. Əlbəttə, güclü yığma formalaşdırmaq üçün zaman və sistemli iş lazımdır, amma istiqamət doğrudur. Əgər bu templə davam etsək, Azərbaycanın Avropada rəqabətədavamlı komanda səviyyəsinə yüksəlmək üçün bütün imkanları var.

- Klub karyeranız kifayət qədər uğurludur - Finlandiya, Monteneqro, İspaniya, İsraildə oynamısınız. Qarşınıza hansı yeni hədəfləri qoymusunuz?

- Bəli, müxtəlif ölkələrdə oynamaq mənə böyük təcrübə qazandırdı. Hər mərhələ oyun və komanda mədəniyyəti baxımından yeni baxış formalaşdırdı. İndi əsas məqsədim - oyunçu kimi inkişafı davam etdirmək, milli komandaya faydalı olmaq və ölkədə voleybolun inkişafına töhfə verməkdir. İstəyirəm ki, xaricdə qazandığım təcrübə komandamıza fayda versin və gənc idmançılara inam aşılasın - yəni Azərbaycanın da yüksək səviyyəyə çıxmaq potensialı olduğunu göstərsin.

Eyni zamanda, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırova və federasiyanın birinci vitse-prezidenti Faiq Qarayevə dəstək, diqqət və etimada görə xüsusi təşəkkürümü bildirirəm. Onların köməyi və iştirakı mənim peşəkar inkişafımda mühüm rol oynayır və irəliləməyim üçün motivasiya yaradır.

Zəki Feyzullayev

İdman.Biz