Uzun illər Azərbaycan bayrağı altında çıxış etmiş triatlonçu xatirələrini paylaşdı

9 Noyabr 2026 16:44
88
Uzun illər Azərbaycan bayrağı altında çıxış etmiş triatlonçu xatirələrini paylaşdı

Azərbaycan triatlonunun öncüllərindən olmuş Rostislav Pevtsov Olimpiya Oyunlarında iştirak etdiyi illəri xatırlayıb.

İdman.Biz xəbər verir ki, üçqat Olimpiya iştirakçısı xatirəsini sosial şəbəkədə paylaşıb.

Pevtsov qeyd edib ki, bu yaxınlarda şəxsi fotoarxivinə baxarkən Olimpiya Oyunlarından görüntülərə rast gəlib və həmin dövrdə keçdiyi yolu yenidən xatırlamaq istəyib:

“Bu yaxınlarda fotoqalereyamı nəzərdən keçirərkən Olimpiya Oyunlarından şəkillərə rast gəldim. Nədənsə həmin günləri, nələrdən keçdiyimi xatırlamaq istədim. Bu üç Olimpiadanın mənə nə qazandırdığını düşünməyə başladım və təəssüratlarımı bölüşmək qərarına gəldim”.

İdmançı etiraf edib ki, nəticə baxımından Rio-de-Janeyro, Tokio və Paris Olimpiadalarında qarşısına qoyduğu məqsədlərə çata bilməyib. Bununla belə, həmin yarışlara qədər keçdiyi yolu indi daha yüksək qiymətləndirir:

“Bu Oyunlara gedən yol inanılmaz idi. İndi geriyə baxanda bunu daha yaxşı anlayıram. Təəssüf ki, əvvəllər bunun fərqinə varmırdım.

Həmin yolda çox təcrübə qazandım və çoxlu səhvlər etdim. İndi bunlar idmançılarla işləyərkən hər gün mənə kömək edir. Düşünürəm ki, bütün bunlara dəyərdi”.

Qeyd edək ki, Rostislav Pevtsov Olimpiya triatlonunda çıxış etdiyi illərdə 154 yarışda iştirak edib. O, 32 dəfə fəxri kürsüyə yüksəlib və 11 qələbə qazanıb.

İdman.Biz