73 və 69 yaşlı italiyalı qardaşlar “IRONMAN 70.3 Baku”da: “Yaş bizə mane deyil” - İDMAN.BİZ-ə AÇIQLAMA

5 Sentyabr 2026 18:18
102
73 və 69 yaşlı italiyalı qardaşlar “IRONMAN 70.3 Baku”da: “Yaş bizə mane deyil” - İDMAN.BİZ-ə AÇIQLAMA

İtaliyalı qardaşlar - 73 yaşlı Luisi və 69 yaşlı Eduardo Lando - “IRONMAN 70.3 Baku”da iştirak etmək və özləri üçün növbəti idman çağırışını gerçəkləşdirmək məqsədilə ilk dəfə Azərbaycana gəliblər.

Triatlonçular İdman.Biz-ə müsahibələrində Bakı ilə bağlı təəssüratlarını bölüşüb, yarışın təşkilatçılığından böyük məmnunluq duyduqlarını bildiriblər.

“Şəhərdən böyük zövq aldım və ümid edirəm ki, bir daha bura qayıdacağam. Təşkilatçılıq münasibətilə sizi təbrik edirəm – əsl ustad dərsi keçdiniz. Hər şey yüksək səviyyədə idi: hər 100 metrdən bir polis, hər şey nəzarət altında. Bizim təşkilatçılıq dediyimiz məhz budur. Heç nəyin pis gedə biləcəyini hiss etmirdik. Bir də azərbaycanlı qızlar çox gözəldirlər. Bu da çox vacibdir (gülür)”, – deyə Luici Lando bildirib.

Eduardo Lando da qardaşının fikirlərini dəstəkləyib:

“Təəssüf ki, uzun müddət qala bilmədik və yalnız Bakını görə bildik. Amma Azərbaycan gözəl ölkədir və bura yenidən səfər planlaşdırmağa, ölkənin daha çox yerini görməyə dəyər. İnanılmaz şəhərdir: hər yer təmizdir, təşkilatçılıq yüksək səviyyədədir. Hətta pulsuz Wi-Fi kimi xırda detallar belə İtaliyada arzuladığımız şeylərdir. Bizdə hər şey üçün pul ödəməlisən. Çox böyük zövq aldıq və ümid edirik ki, yenidən qayıdacağıq. İnsanlar çox mehribandır. Şəhər çox təhlükəsizdir, hətta gecə saatlarında belə rahatlıqla küçəyə çıxmaq mümkündür”.

Luici Lando yarışın onun üçün asan keçmədiyini, lakin bunun belə mürəkkəb idman növünün ayrılmaz hissəsi olduğunu anlayır:

“Mənim üçün ən çətin hissə velosiped mərhələsi idi. Enmə və qalxmalar, külək var idi. Mənim üçün asan olmadı, amma bu, oyunun bir hissəsidir. Bu idman növü əsl çağırışdır. O, sənə mental baxımdan güclü olmağı öyrədir. Çünki yarış zamanı ən azı üç dəfə təslim olmaq barədə düşünürsən. Məhz bu da sənə davam etmək üçün motivasiya verir”.

73 yaşlı idmançı hesab edir ki, yaş triatlonla məşğul olmağa maneə olmamalıdır:

“Yaş bizə çatmalıdır (gülür). Axı biz bu yaşa çatmamışdan əvvəl də triatlonla məşğul olmuşuq. Ona görə də yaş bizi dayandırmır”, – deyə o bildirib.

Eduardo Lando da bu məsələyə münasibətini bölüşüb və gənclərə məsləhət verib:

“Hazır olmalısan. Birdən-birə Ironman iştirakçısı olmaq qərarına gəldiyin zaman bu yanaşma işləmir. Hər şeyi planlaşdırmalı, təşkil etməli və məşq etməlisən. Həyatda da eynidir. Həyat bir çağırışdır. Amma ümid edirəm ki, gəncləri motivasiya edə bilərəm. Siz diqqətinizi cəmləməli və bundan zövq almalısınız. İdmanla yalnız nəticə əldə etmək üçün məşğul olmaq məcburi deyil. Sadəcə prosesdən həzz alın”, - deyə o sözlərini yekunlaşdırıb.

İdman.Biz
Məqalədə: