“IRONMAN 70.3 Baku” iştirakçılarının iradə gücü heç kimi laqeyd qoymayıb. Lakin idmançılardan birini mükafatlandırma mərasiminin tamaşaçıları ayaqüstə alqışlayıblar. Söhbət 80-84 yaş kateqoriyasında qalib olan 81 yaşlı rusiyalı triatlonçu Valentin Çernovdan gedir.
“Öz kateqoriyamda, təbii ki, birinci yeri tutdum, çünki Bakı IRONMAN-ında iştirak edən 62 ölkənin nümayəndələri arasında, təəssüf ki, mənə rəqib tapılmadı. Amma yaxşı nəticə göstərdim və Bakıya gəldiyim üçün çox məmnunam”, - Çernov İdman.Biz-lə söhbətində bildirib.
Bu start idmançı üçün xüsusi əhəmiyyət daşıyıb: 60 il əvvəl o, Bakıda hərbi xidmət keçib və düz bir il Azərbaycanda yaşayıb. Altı onillikdən sonra Çernov şəhərə qayıdıb və onun nə qədər dəyişdiyini görüb, eyni zamanda əsas xüsusiyyətin - yerli sakinlərin qonaqpərvərliyinin qorunub saxlandığını qeyd edib.
“Bir çox yerlər indiyədək yaddaşımda qalıb: Bakı “Venesiya”sı, “Mirvari” kafesi. Mən “Nəriman Nərimanov” metro stansiyasının ərazisində yaşayırdım, Axundov adına kitabxanaya gedirdim, küçələrdə gəzirdim, buxtada katerlərlə üzürdüm. Düzdür, orada neft buxarını o qədər udmuşdum ki, az qala məni özümə gətirməli oldular (gülür).
O vaxt da azərbaycanlılar gözəl insanlar idi, indi də, 60 il sonra, demək olar ki, bütöv bir nəsil dəyişəndən sonra burada olduğum bütün müddət ərzində sizin insanların istiliyini hiss etdim. Bir qədər qəribə səslənir - 60 il. Kimsə üçün bu, bütöv bir həyatdır, mənim üçün isə sadəcə həyatın bir hissəsidir. Allaha şükür. Pozitiv yaşamaq lazımdır. Mən də bu gün Bakıda onun sakinləri sayəsində bu pozitiv payını aldım”, - Valentin Çernov deyib.
Bakıda qələbə Valentin Çernova 2027-ci ildə Çattanugadakı (ABŞ) IRONMAN 70.3 dünya çempionatında iştirak etmək hüququ verib, lakin o, lisenziyadan imtina edib.
“Dünya çempionatı yarımdəmir məsafəsində - 113 kilometr olacaq. Mənim isə yaxşı bir mesenatım var. O, mənim üçün həkim hazırlayıb, həmin həkim həm də məni məşq etdirəcək və nəzarətdə saxlayacaq. Mən artıq dünya çempionatına tam məsafə - 226 kilometr, yəni tam IRONMAN üçün hazırlaşacağam. ABŞ-də yarım məsafə olacaq və bu, hətta müəyyən mənada mənim üçün maraqsızdır”, - idmançı izah edib.
“IRONMAN 70.3 Baku” Çernov üçün ilk startdan çox uzaq olub. Onun hesabında artıq ondan çox IRONMAN yarışı var, baxmayaraq ki, triatlonla cəmi 11 ildir məşğul olur.
“İlk triatlonumu 70 yaşımda keçdim. Ondan əvvəl isə Bosforu - Türkiyədə 6,5 kilometri üzüb keçmişdim. Amma bu, darıxdırıcı məşğuliyyətdir. Triatlon isə drayvdır. Mən çoxlu mühazirələr aparıram, aktiv həyat tərzinin təbliği ilə bağlı böyük ictimai iş görürəm. Bilirsiniz, insan özündə güc hiss edəndə bu, çox gözəldir. Kimsə narkotik və alkoqoldan asılı olur. İdmançılarda isə idmana qarşı eyni cür asılılıq var. Bu il səkkiz startım olacaq. Əgər ay yarım yarış olmursa, orqanizm özü tələb edir: bir az canlanmaq lazımdır”, - deyə Çernov söyləyib.
81 yaşlı triatlonçu əmindir ki, yaş məqsədlərdən və aktiv həyatdan imtina etmək üçün səbəb olmamalıdır. O, bu yolda əsas amillər kimi iman, ümid, sevgi və səbri göstərir.
“Bir dəfə mənə dedilər: “İman yoxdur, ümid yoxdur, yalnız sevgi qalıb”. Mən isə deyirəm: yox, sizinlə razı deyiləm. İman var, ümid var, sevgi var. Mən həmçinin gənclərə həmişə səbirli olmağı məsləhət görürəm. Məhz məqsədlərinə çatmaqda səbirli olmağı. Mənim bir məqsədim var - məsafəni keçmək. Mənə ağır olur. Kəndimdə çıxıb ilk kilometrləri qaçanda düşünürəm: “Axı bunu niyə edirsən? Yaxşısı budur, yatardın”. Amma dörd-beş kilometrdən sonra artıq zövq almağa başlayıram. Sağlam insan uğurlu, rifahlı insandır. Sağlamlıq isə idman sayəsində əldə olunur və idman insanın həyatında birinci yerdə olmalıdır”, – o yekunlaşdırıb.
