İqtisadi təhlükəsizliyə təxribat və mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin cari həbs müddəti başa çatıb.
İdman.Biz qafqazinfo.az-ya istinadla xəbər verir ki, bununla bağlı ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi məhkəməyə müraciət edib.
Təqdimat və vəsatətdə xüsusilə ağır cinayət işi üzrə 13 aylıq istintaq müddətinin kifayət etmədiyi, irihəcmli iş üzrə əlavə sübutların toplanmasının zəruri olduğu bildirilib. İstintaq uzadıldığından təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin də artırılması xahiş olunub.
Səbail Rayon Məhkəməsi vəsatəti əsaslı sayaraq təmin edib. Hakimin qərarı ilə Adnan Əhmədzadənin həbs müddəti son həddə qədər - altı ay uzadılıb.
Qanuna əsasən, xüsusilə ağır cinayət işləri üzrə ibtidai istintaq ərzində həbsdə saxlanılmanın son həddi 13 aydır. Müstəsna hallarda isə bu müddət 19 aya qədər uzadıla bilər.
Qeyd edək ki, Adnan Əhmədzadə futbol dünyasına yaxın şəxs kimi də tanınır. O, “Barselona” klubunun rəhbərliyi, eləcə də Lionel Messi də daxil olmaqla bir neçə dünya futbol ulduzu ilə dostluq edir. Bundan başqa, Əhmədzadənin sahibi olduğu şirkətlərdən biri 1-ci liqada yarışan “Mingəçevir” futbol klubunun sponsoru olub.
