ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Bakıda keçirilən sumo üzrə dünya çempionatını ziyarət edərək hər iki ölkənin idmançılarına dəstək verib.
İdman.Biz xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.
Diplomatik nümayəndəlik Amerika millisinin üç medal qazanmasını yüksək qiymətləndirib. Kelliann Boll gümüş, Etan Peres bürünc medal əldə edib, ABŞ-ın qadınlardan ibarət komandası isə üçüncü yeri tutub. Daha dörd amerikalı idmançı medal uğrunda mübarizə mərhələsinə yüksəlib.
Səfirlik Azərbaycan sumoçusu Əmrah Şəfiyevin tarixi nailiyyətinə xüsusi diqqət ayırıb. İdmançımız ölkəmizə bu idman növündə dünya çempionatlarının ilk qızıl medalını qazandırıb.
“Azərbaycanlı sumoçu Əmrah Şəfiyevin ölkəsi üçün tarixdə ilk qızıl medalı qazanmasının şahidi olmaq bizim üçün böyük sevinc idi. Təbrik edirik!” - deyə səfirliyin paylaşımında bildirilib.
Diplomatik nümayəndəlik Bakıda belə mötəbər beynəlxalq yarışın təşkilinə görə təşəkkürünü də ifadə edib:
“Belə möhtəşəm beynəlxalq idman tədbirinin keçirilməsinə görə təşkilatçılara təşəkkür edirik. Bütün idmançıları təsirli çıxışlarına, əzmkarlıqlarına və idman ruhuna görə alqışlayırıq”.
