Azərbaycanın Ironman rekordçusu nəticəsini yenilədi

20 Oktyabr 2026 01:25
116
Azərbaycanın Ironman rekordçusu nəticəsini yenilədi

Teymur Fərəcov həm Azərbaycan triatlonunun, həm də özünün rekordlarını yeniləməkdə davam edir.

İdman.Biz xəbər verir ki, idmançı Ironman yarışlarında qazandığı uğurlarla artıq adından söz etdirməyi bacarıb. Onun növbəti dayanacağı ABŞ-nin Sakramento şəhərində keçirilən "Ironman California" yarışı olub. Dünyanın müxtəlif ölkələrindən üç mindən çox iştirakçının qatıldığı bu turnirdə Fərəcov karyerasında yeni uğura imza atıb.

İdmançı yarışı 8 saat 58 dəqiqə 8 saniyəyə başa vurub. O, 3,8 km üzgüçülük, 180 km velosiped və 42,2 km-lik klassik marafon məsafəsini qət edib.

Bu, Ironman yarışlarında çıxış edən Azərbaycan triatlonçuları üçün yeni rekorddur. Üstəlik, əldə etdiyi nəticə Ironman üzrə dünya çempionatında iştirak təcrübəsi olan Fərəcova turnirdə 22-ci yeri tutmağa imkan verib. Bu isə rekordun əhəmiyyətini daha da artırır.

Maraqlıdır ki, Teymur artıq dörd ildir həm şəxsi, həm də Azərbaycan adına Ironman rekordlarını ardıcıl olaraq yeniləyir.

2022-ci ilin sentyabrında İtaliyanın Emiliya-Romanya bölgəsində keçirilən yarışda finişə çatmaq üçün ona 10 saat 12 dəqiqə 8 saniyə lazım olmuşdu. Bir neçə il sonra isə Barselonada keçirilən Ironman yarışında bu göstəricini 9 saat 37 dəqiqə 22 saniyəyə endirmişdi.

Ötən il Hamburqda təşkil olunan Ironman üzrə Avropa çempionatında Fərəcov 9 saat 27 dəqiqə 22 saniyəlik nəticəyə imza atmışdı.

Nəhayət, Kaliforniyada idmançı əvvəlki göstəricisini xeyli yaxşılaşdıraraq 9 saatlıq səddi aşmağı bacarıb — 8 saat 58 dəqiqə 8 saniyə!

Fərəcovun son illərdə nümayiş etdirdiyi yüksəliş dinamikasını nəzərə alsaq, onun bu nəticə ilə kifayətlənməyəcəyini əminliklə söyləmək olar.

Zəki Feyzullayev

İdman.Biz