Azərbaycanlı triatlonçu Teymur Fərəcov “IRONMAN 70.3 Baku” yarışında ölkəmizi təmsil edən iştirakçılar arasında finişə çatan ilk idmançılardan biri olub.
O, yarışla bağlı təəssüratlarını İdman.Bizlə bölüşüb.
Onun sözlərinə görə, doğma ölkəsində çıxış etməsi əlavə motivasiya verib:
“Bu məsafəni doğma ölkədə qət etmək çox xoşdur. Bizdə əvvəllər belə yarışlar olmayıb. Hamı səni tanıyır, qışqırır, dəstəkləyir. Bu, xüsusilə artıq gücümün tükəndiyi qaçış mərhələsində məni çox motivasiya etdi. İlk dəfə idi ki, qaçış mərhələsi mənim üçün bu qədər çətin keçirdi – istiyə görə. Üzgüçülük və velosiped mərhələləri isə nisbətən yaxşı keçdi. Hələ nəticələri bilmirəm, amma düşünürəm ki, ən yaxşı çıxışımı velosiped mərhələsində etdim”.
Fərəcov “IRONMAN 70.3” yarışının Bakıda keçirilməsinin ölkədə triatlonun inkişafına töhfə verəcəyini vurğulayıb:
“Şübhəsiz ki, bu yarışlar triatlonun inkişafına böyük təkan verəcək. Əvvəllər bu idman növü ilə məşğul olmayan çoxlu azərbaycanlı iştirak etmək qərarına gəldi. Yarışın keçiriləcəyi elan olunandan sonra bir çoxları məşq etməyə və hazırlaşmağa başladı. Azərbaycandan 100-dən çox iştirakçının olması böyük göstəricidir”.
Qeyd edək ki, Teymur Fərəcov “IRONMAN” məsafəsində Azərbaycanın mütləq rekordçusudur. O, ötən il ölkə tarixində “IRONMAN” dünya çempionatına vəsiqə qazanan və yarışı uğurla başa vuran ilk triatlonçu olub.
