“IRONMAN 70.3 Baku” triatlon yarışının iştirakçısı: “Bir saniyəlik fərqə görə məyus deyiləm” - VİDEO

5 Sentyabr 2026 15:09
101
“IRONMAN 70.3 Baku” triatlon yarışının iştirakçısı: “Bir saniyəlik fərqə görə məyus deyiləm”

“IRONMAN 70.3 Baku” yarışında finiş xəttini keçən idmançı Maksim Kriat yarışla bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb.

İdman.Biz xəbər verir ki, ABŞ-li triatlonçu məsafəni 4 saat 1 dəqiqə 21 saniyəyə başa vurub. Kriat finiş xəttini ilk keçsə də, yekun nəticəyə əsasən xorvatiyalı Matey Yukiç ondan 1 saniyə daha sürətli olub.

Kriatın sözlərinə görə, bu nəticə onu məyus etməyib:

“Yarış yaxşı keçdi. Mənim üçün bu, “IRONMAN” üzrə dünya çempionatına hazırlığın bir hissəsidir. Planım bütün məsafəni bir aydan sonra “IRONMAN”da saxlamaq istədiyim tempdə qət etmək idi. Lakin Matey məni çox motivasiya etdi. Qaçış mənim üçün ən çətin hissə idi. Bu gün planlaşdırdığım tempdə – hər kilometrə 3 dəqiqə 53 saniyə – başladım, amma sonra onun arxadan yaxınlaşdığını gördüm və bir qədər sürəti artırdım. Finiş xəttini ilk keçdim, həyat yoldaşımı tapdım və papağımı ona verdim. Çox xoşbəxtəm və bu bir saniyəlik fərqə görə məyus deyiləm”.

Triatlonçu Azərbaycanda keçirdiyi vaxtın da xoşuna gəldiyini bildirib:

“Gözəl memarlıq, möhtəşəm insanlar və inanılmaz mətbəx. Ümid edirəm ki, biz yenidən qayıdacağıq”.

İdman.Biz