“Yarışın təşkilinə görə təşəkkür edirəm. Azərbaycanda özümü çox yaxşı hiss etdim. Yarış mənim üçün ən yaxşısı olmadı, amma finiş xəttində bütün gücümü ortaya qoydum”.
İdman.Biz xəbər verir ki, bunu “IRONMAN 70.3 Baku” yarışında 4 saat 1 dəqiqə 20 saniyə nəticə göstərərək ən yaxşı nəticəyə imza atan xorvatiyalı triatlonçu Matey Yukiç jurnalistlərə açıqlamasında deyib.
İdmançı bildirib ki, yarış zamanı onu ən yaxın dostu motivasiya edib. Onun dəstəyi sayəsində Yukiç, hətta ən güclü olduğu növdə belə çətinlik çəksə də, ilk qələbəsini qazana bilib.
“Ən yaxın dostum mənimlə idi. O, mənə vaxtı deyirdi və son kilometrdə bildirdi: “Finişdə bütün gücünü ortaya qoy”. Mən də onun sözünə qulaq asdım. Nəticədə cəmi bir saniyəlik fərqlə qələbə mənim oldu. Bu, yarışlarda ilk qələbəmdir.
Qaçış məsafənin ən çətin hissəsi oldu, halbuki bu, mənim ən güclü olduğum növdür. Bu gün məsafədə özümü həmişəki kimi hiss etmirdim. Amma yarış zamanı özünü necə hiss edəcəyini heç vaxt bilmirsən. Qarşıda tam məsafəli “IRONMAN” yarışım var, ona görə də bu start hazırlığın bir hissəsi idi. Yarışdan əvvəl Instagram və Facebook-da hamıya qalib gələcəyimi demişdim və sözümü tutdum”, – Yukiç etiraf edib.

Matey Yukiç finişdə yaşadığı hissləri də bölüşüb. Finiş xəttini ilk olaraq ABŞ təmsilçisi Maksim Kriat keçib. Lakin yekun vaxt hesablandıqdan sonra Yukiçin rəqibindən bir saniyə daha sürətli olduğu müəyyənləşib.
“Finiş anı mənim üçün çox emosional oldu. Buna inana bilmirdim. Birinci olan oğlana görə kədərləndim, onun nə hiss etdiyini təsəvvür belə edə bilmirəm. Onun yerində olsaydım, özümü heç də yaxşı hiss etməzdim. Amma idman belədir. O, məni imkanlarımın son həddinə qədər gücümü ortaya qoymağa məcbur etdi” - Matey Yukiç vurğulayıb.
