Gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışını dəyərləndirib.
İdman.Biz xəbər verir ki, nazir bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Qayıbov “IRONMAN”ın ilk dəfə Bakıda keçirilməsini ölkə üçün əlamətdar hadisə adlandırıb:
“Bu gün bizim üçün növbəti idman bayramıdır. Çünki “IRONMAN” ilk dəfə olaraq Bakıdadır. Bu yarışı, bu tədbiri çoxdan gözləyirdik və nəhayət, bu gün start verildi”.
Nazir bildirib ki, Bakının dünyanın idman paytaxtı olması ilə əlaqədar bu il şəhərdə çoxsaylı beynəlxalq və irimiqyaslı idman tədbirləri təşkil olunur:
“60-dan artıq ölkənin nümayəndələrinin və 1000-dən çox idmançının iştirak etdiyi yarışda 100-dən artıq azərbaycanlı idmançı mübarizə aparacaq. Bizi sevindirən məqamlardan biri də ölkəmizi təmsil edən idmançıların sayının çox olmasıdır. Son illərdə bu idman növü Azərbaycanda populyarlaşıb və “IRONMAN” iştirakçılarımızın sayı hər il artır”.
Qayıbov yarışın yerli triatlonçular üçün əhəmiyyətindən də danışıb:
“Bu yarış da idmançılarımız üçün “IRONMAN” statusu qazanmaq baxımından növbəti şansdır. Mən hər bir idmançını və federasiyanı təbrik edirəm, tərəfdaşlarımıza təşəkkürümü bildirirəm. İstərdim ki, belə tədbirlər ölkəmizdə daha çox keçirilsin”.
Nazir qeyd edib ki, bu cür tədbirlər idmanın kütləviləşdirilməsi baxımından da mühüm rol oynayır:
“Bilirsiniz ki, idmanla bağlı nazirliyimizin strategiyası var. Bu strategiyanın əsas məqsədlərindən biri idmanı hər bir vətəndaş üçün həyat tərzinə çevirməkdir. Belə tədbir və yarışların keçirilməsi ilə, təbii ki, biz bu məqsədlərimizə çatırıq”.
Qeyd edək ki, “IRONMAN 70.3” yarışı Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilir.
