Alkaras Sinnerə qarşı - dünya reytinqinin lideri dəyişə bilər

Xəbərlər
19 Avqust 2025 11:13
49
Alkaras Sinnerə qarşı - dünya reytinqinin lideri dəyişə bilər

Dünyanın ikinci tennisçisi Karlos Alkaras ABŞ-nin Ohayo ştatında Sinsinnatidə keçirilən “Masters” turnirinin finalında dünya reytinqinin lideri Yannik Sinnerə qalib gələrək (5:0, rəqibin oyundan imtinası) karyerasında 8-ci “Masters” titulunu əldə edib.

İdman.biz xəbər verir ki, bu uğura ispaniyalı 22 yaş 3 aylığında nail olub.

Beləliklə, Alkaras tennis tarixində 8 “Masters” titulu qazanan ən gənc ikinci tennisçi olub. Bu göstəricidə rekord hələ də onun həmyerlisi Rafael Nadala məxsusdur - o, 2007-ci ildə Monte Karloda 20 yaş 10 aylığında 8-ci “Masters”ini qazanmışdı.

Bu, həmçinin Alkarasın “Masters” turnirlərində ardıcıl qalib gəldiyi 17-ci oyun olub. O, sonuncu dəfə 2025-ci il martın 22-də Mayamidə keçirilən yarışın ikinci mərhələsində belçikalı David Goffenə (7:5, 4:6, 3:6) uduzub.

Alkaras 2025-ci il mövsümündə 6-cı, karyerası ərzində isə 22-ci titulunu qazanıb. O bu il daha əvvəl Rotterdamda keçirilən ATP-500 kateqoriyalı sərt örtüklü turnirdə, Monte-Karlo və Romadakı torpaq örtüklü "Masters" turnirlərində, torpaq örtüklü "Böyük Dəbilqə" turniri olan "Roland-Garros"da və Londonda keçirilən ot örtüklü ATP-500 turnirində qalib olub.

Alkaras, eyni zamanda, əsas rəqibi Sinnerlə son yeddi qarşılaşmanın 6-da qələbə qazanıb. İspaniyalı onların ümumilikdə 14 duelindən 9-da, italiyalı isə 5-də qalib gəlib.

“Böyük Dəbilqə” turnirlərinin beşqat qalibi olan Alkarasın "US Open 2025" turnirindən sonra ATP reytinqində birinci yerə yüksəlmək imkanı var. O, hazırkı lider - “Böyük Dəbilqə” turnirlərinin dördqat qalibi Sinneri zirvədən sala bilər.

Sinsinnatidəki qələbədən sonra Alkarasla Sinner arasındakı xal fərqi 1890-dır. "US Open 2025" turnirində Sinner 2000 xalı, Alkaras isə cəmi 50 xalı qorumağa çalışacaq (ötən il 2-ci mərhələdə uduzmuşdu).

Beləliklə, Alkaras "US Open 2025" turnirində Sinner qədər və ya daha çox oyun da qalib gəlsə, dünya reytinqinin yeni lideri olacaq.

Qeyd edək ki, Sinner 2024-cü ilin iyunundan bəri ATP reytinqinin zirvəsində qərarlaşıb.

İdman.biz

Məqalədə: