Serbiyalı tennisçi Stefan Miliçeviç danışılmış oyunların təşkilində iştirakına görə ağır cəzaya məruz qalıb. O, 24 il müddətinə tennis fəaliyyətindən uzaqlaşdırılıb.
İdman.Biz Beynəlxalq Tennis Dürüstlüyü Agentliyinin (ITIA) rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı idmançı antikorrupsiya qaydalarını pozduğuna görə 70 min dollar məbləğində cərimə də olunub.
Araşdırma nəticəsində Miliçeviçin 2022–2024-cü illər ərzində altı danışılmış oyunun təşkilində iştirak etdiyi müəyyənləşdirilib. Həmin qarşılaşmaların beşində tennisçi özü də korta çıxıb.
Bundan əlavə, serbiyalı idmançının daha altı görüşün nəticəsinə qanunsuz təsir göstərməyə cəhd etdiyi və digər peşəkar tennisçiləri danışılmış oyunlara cəlb etməyə çalışdığı üzə çıxıb.
ITIA-nın məlumatına görə, Miliçeviç araşdırma prosesində əməkdaşlıq etməyib və agentliyin onunla əlaqə yaratmaq cəhdlərini cavabsız qoyub.
Tennisçinin diskvalifikasiyası oktyabrın 9-dan qüvvəyə minib və 2050-ci il oktyabrın 8-dək davam edəcək.
Bu müddətdə Miliçeviç ATP, WTA, “Böyük dəbilqə” turnirləri, Dünya Tennis Turu və milli tennis federasiyalarının təşkil etdiyi yarışlarda nə oyunçu, nə də məşqçi kimi iştirak edə biləcək.
Qeyd edək ki, Stefan Miliçeviçin ATP reytinqində ən yüksək mövqeyi 1338-ci pillə olub.
