Bakıda 100-dən çox stolüstü tennisçi ölkə kuboku uğrunda mübarizəyə başladı - FOTO

23 Noyabr 2026 18:38
43
Bakıda 100-dən çox stolüstü tennisçi ölkə kuboku uğrunda mübarizəyə başladı

Bakıda yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan Kubokuna start verilib. Yarışda paytaxtla yanaşı, ölkənin müxtəlif şəhər və rayonlarından 100-dən çox idmançı iştirak edir.

İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkil etdiyi turnirin açılış mərasimi “Şüa İdman Sağlamlıq Kompleksi”ndə keçirilib.

Mərasimdə çıxış edən federasiyanın vitse-prezidenti Elmar İslam iştirakçılara uğurlar arzulayıb. O, ölkə kubokunun əhəmiyyətini vurğulayaraq beynəlxalq arenaya gedən yolun məhz bu cür yarışlardan keçdiyini bildirib.

Açılış çərçivəsində Fransada keçirilmiş “Euro Mini Champs” turnirində qızıl medal qazanan Mehin Mirzəbalayevaya da mükafatları təqdim olunub.

Qeyd edək ki, noyabrın 26-dək davam edəcək ölkə kubokunda U-14 və U-18 yaş qruplarında qaliblər müəyyənləşəcək. İdmançılar komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparacaqlar.

İdman.Biz