BMT-dən dünya dördüncüsü tennisçiyə qarşı irqçi təhqirlərə kəskin reaksiya

11 Oktyabr 2026 15:19
114
BMT-dən dünya dördüncüsü tennisçiyə qarşı irqçi təhqirlərə kəskin reaksiya

BMT-nin İnsan Hüquqları Ofisi ABŞ-li tennisçi Koko Qauffa qarşı sosial şəbəkələrdə yayılan irqçi təhqirləri pisləyib.

İdman.Biz xəbər verir ki, Ali Komissar Folker Türkün rəhbərlik etdiyi qurum yaydığı açıqlamada bu cür mesajları “dəhşətli” adlandırıb. Ofis qaradərili qadın idmançıların nifrət və irqi təhqirlərin xüsusi hədəfi olduğunu vurğulayıb.

“İdmanda irqçi və ya cinsi təhqirlərə yer yoxdur”, - deyə açıqlamada bildirilir.

Qurum oyunçuları, məşqçiləri, idman təşkilatlarını və azarkeşləri irqçiliyə və seksizmə qarşı həmrəy olmağa çağırıb.

İkiqat “Böyük dəbilqə” qalibi, dünya reytinqinin dördüncü pilləsində qərarlaşan Qauff ötən həftə Pekində keçirilən “China Open” turnirində yerli tennisçi Sun Sinjanla oyunda mübahisəli epizoddan sonra sosial şəbəkələrdə çoxlu sayda irqçi şərh aldığını deyib. Həmin xal yenidən oynanılıb, ABŞ təmsilçisi görüşü qazanıb. Tennisçi fırıldaq ittihamlarını rədd edib və qərarı ilə razılaşmayanların irqçi təhqirlərə əl atmamalı olduğunu bildirib.

Qauff iki gün sonra 1/8 finalda belçikalı Elize Mertensə uduzub. O, oyundan sonra enerjisinin qalmadığını və özündən gedəcəyini hiss etdiyini söyləyib.

İdman.Biz