Uxan turnirində növbəti sensasiya: daha bir favorit mübarizəni dayandırıb

15 Oktyabr 2026 14:55
95
Uxan turnirində növbəti sensasiya: daha bir favorit mübarizəni dayandırıb

Çinin Uxan şəhərində keçirilən WTA 1000 seriyalı tennis turnirində daha bir gözlənilməz nəticə qeydə alınıb.

İdman.Biz xəbər verir ki, dünya reytinqində 11-ci yeri tutan ABŞ-li tennisçi İva Yoviç səkkizdəbir final mərhələsində mübarizəni dayandırıb.

Turnirdə onuncu nömrə altında mübarizə aparan 18 yaşlı Yoviç Polşa təmsilçisi Maya Xvalinskaya iki setdə məğlub olub - 4:6, 1:6.

Birinci seti 6:4 hesabı ilə qazanan polşalı tennisçi ikinci hissədə üstünlüyünü daha da artırıb. Rəqibinə cəmi bir qeym qazanmağa imkan verən Xvalinskaya görüşü qələbə ilə başa vurub.

Bir saat 50 dəqiqə davam edən qarşılaşmanın nəticəsində polşalı idmançı dörddəbir finala yüksəlib.

Qeyd edək ki, bundan əvvəl dünya reytinqinin ikinci pilləsində qərarlaşan belaruslu Arina Sobolenko da turnirdə sensasiyalı məğlubiyyətlə üzləşib. O, ikinci mərhələdə ABŞ-li Enn Liyə 6:3, 4:6, 6:7 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

İdman.Biz