Taekvondoçularımız Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar - FOTO

22 İyun 2026 13:53
98
Taekvondoçularımız Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar - FOTO

Azərbaycanın taekvondo üzrə gənclər və böyüklərdən ibarət milli komandaları Qazaxıstanın Astana şəhərində keçiriləcək “Altay” çempionatında (22-23 iyun), həmçinin “Kazakhstan Open” (25-27 iyun) beynəlxalq turnirində iştirak edəcəklər.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

Komandalar yarışlara Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, məşqçilər Elnur Amanov və Ayxan Tağızadənin rəhbərliyi altında yollanıb.

Gənclərdən ibarət millinin heyətində Zəhra İsayeva, Humay Dadaşova (hər ikisi 44 kq), Nilufər Borci (49 kq), Novruz Əliyev (55 kq), Adil Kazımlı (73 kq) və İsrafil Nəcəfov (78 kq) yer alıblar.

Böyüklərdən ibarət milli komandanın heyətinə isə Minayə Əkbərova (46 kq), Qaşim Maqomedov (63 kq), Vasif Səlimov (68 kq), Cavad Ağayev (74 kq), Elcan Əliyev (80 kq) və Eltac Qafarov (+87 kq) daxildir.

Qeyd edək ki, yarışlarda Azərbaycanı beynəlxalq dərəcəli referilər Gündüz Abdullayev, Aygül Abdullayeva və Ramal Camalov da təmsil edəcəklər.

İdman.Biz