Sabir Zeynalov: “Los-Anceles yolunda vacib xallar qazandım, dünya ikincisi oldum”

10 İyun 2026 17:57
86
Sabir Zeynalov: “Los-Anceles yolunda vacib xallar qazandım, dünya ikincisi oldum”

“Almaniyada olimpiya çempionlarını məğlub edərək qızıl medal qazandım və dünya reytinqində ikinci yerə yüksəldim”.

Bu sözləri İtaliyanın paytaxtı Romada təşkil olunan Qran-pri turnirində və Almaniyanın Nürnberq şəhərində keçirilən “Prezident Kuboku”nda qızıl medal qazanan Azərbaycan parataekvondoçusu Sabir Zeynalov deyib.

İdmançı bildirib ki, son iki ay ərzində həm İtaliyada, həm də Almaniyada keçirilən nüfuzlu turnirlər onun üçün xüsusi əhəmiyyət daşıyıb.

“Əvvəlcə Romada çempion olaraq vətənə qayıtdım. Yarış çox çətin keçdi. Rəqiblər arasında Olimpiya Oyunlarının qalibi və gümüş mükafatçısı da var idi. Buna baxmayaraq, qızıl medal qazanmağı bacardım. Bu, mənim üçün həm böyük təcrübə, həm də motivasiya oldu”, - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.

Nürnberqdəki “Prezident Kuboku”nda da eyni uğuru təkrarlayan parataekvondoçu orada da yüksəksəviyyəli rəqiblərlə qarşılaşdığını vurğulayıb:

“Yenə Olimpiadanın çempionu və gümüş mükafatçısı ilə döyüşlərimiz oldu. Hər iki görüşdən qalib ayrıldım. Ölkəmizi layiqincə təmsil etdiyim üçün çox sevinirəm. Bu nəticələr göstərir ki, doğru yoldayıq və daha böyük uğurlar qazana bilərik”.

Sabir Zeynalov qeyd edib ki, bu yarışlar “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına lisenziya xalları baxımından da böyük önəm daşıyır:

“Bu iki yarışdan ümumilikdə 90 reytinq xalı topladım. Bu idman növündə dünya reytinq siyahısında ilk “altılıq”da yer alan idmançılar birbaşa Paralimpiya Oyunlarına vəsiqə qazanırlar. Hazırda 58 kiloqram çəki dərəcəsində (K44 kateqoriyası) dünya reytinqində ikinci pillədəyəm. Bu da qarşıdakı yarışlar üçün mənə daha böyük motivasiya verir”.

O, gələcək planlarından da söz açıb:

“Növbəti yarışımıza hazırlaşırıq. Üç həftə sonra Koreyanın Çunçxon şəhərində keçiriləcək turnirdə iştirak edəcəyik. Bütün diqqətimizi həmin yarışa yönəltmişik. Məqsədimiz həm reytinqdə mövqeyimizi qorumaq, həm də daha yüksək nəticələr əldə etməkdir”.

İdman.Biz