Taekvondo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTO

Xəbərlər
25 Dekabr 2023 17:22
317
Taekvondo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTO

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan taekvondo üzrə yeniyetmə, gənc və böyüklər arasında ölkə birinciliyi və çempionatının açılış mərasimi olub.

İdman.biz xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Taekvando Federasiyasının prezidenti Kəmaləddin Heydərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Koreyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq iştirak edib.

Mərasimdə yarış haqqında məlumat verildikdən sonra Azərbaycanın Dövlət himni səsləndirilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin Azərbaycan idmanına töhfələri ilə bağlı videoçarx nümayiş etdirilib.

Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, 2023-cü il Azərbaycan idmanı üçün uğurlu olub: "Ölkəmiz taekvondo üzrə dünya çempionatına ev sahibliyi etdi. İdmanın bu növündə Paris-2024 Yay Olimpiya Oyunlarına artıq ilk lisenziya əldə olunub. Ötən həftə daim idmançıların yanında olan Azərbaycan prezidenti İlham Əliyev Xankəndidə Azərbaycan kubokunun oyunu zamanı idmançılarımızı qəbul etdi. İki taekvondoçumuza mənzil hədiyyə olundu. İnanıram ki, bu uğurlar növbəti ildə də davam edəcək".

Taekvando Federasiyasının prezidenti Kəmaləddin Heydərov yarışın əhəmiyyətindən bəhs edib. O bildirib ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi dönəmdə idmanın bütün sahələrinə diqqət yetirilib: "Cənab prezident İlham Əliyevin rəhbərliyi dövründən Azərbaycanın idmanda nailiyyətlər göz önündədir. Taekvondonun Azərbaycanda inkişafı son illərdə daha çox görünür. Heç də təsadüfi deyil ki, Dünya Taekvando Federasiyasının 50 illiyi Azərbaycanda keçirildi. Bu da ölkəmizdə idmana dövlət qayğısı nəticəsində reallaşdı. Taekvondoçularımızın 4 lisenziyadan artıq 1-ni qazanması və 3 şansımızın olması da sevindiricidir. İştirakçıların hər birini gözəl gün münasibəti ilə təbrik edirəm. Qalib ölkənin idmançıları beynəlxalq arenalarda da bayrağımızın ucaldılmasına daim xidmət etməlidir".

Çıxışlardan sonra Azərbaycanda keçirilən taekvondo üzrə dünya çempionatından videoçarx nümayiş olunub.

Daha sonra açılış mərasiminin bədii hissəsi keçirilib. Taekvondoçular nümunəvi çıxışlarını nümayiş etdiriblər.

Qeyd edək ki, Azərbaycan çempionatında Bakı, Sumqayıt və Abşeron ilə bərabər, 28 şəhər, eləcə də ümumilikdə 76 klub iştirak edir. Yarışlara dekabrın 28-də yekun vurulacaq.

Emin Ağa
İdman.biz

Məqalədə: