Cavad Ağayevin dünya çempionatındakı uğursuz çıxışının səbəbi məlum oldu - ÖZƏL + FOTO/VİDEO

Xəbərlər
30 Oktyabr 2025 16:12
143
Cavad Ağayevin dünya çempionatındakı uğursuz çıxışının səbəbi məlum oldu - ÖZƏL + FOTO/VİDEO

Artıq xəbər verdiyimiz kimi, Çin Xalq Respublikasının Usi şəhərində keçirilən dünya çempionatında çıxış edən Azərbaycan taekvondoçuları yarışlarını başa vurublar.

Komandamız aktivinə cəmi bir bürünc medal yazdırıb. Bu uğura 58 kq çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov imza atıb.

Yarışların son günündə yığmanın liderlərindən biri, 2022-ci ilin dünya çempionatının bürünc mükafatçısı Cavad Ağayev (74 kq) də medal qazanmaq üçün yaxşı şanslara malik idi. O, öz çəki dərəcəsinin favoritlərindən sayılırdı. Təəssüf ki, Cavad artıq ikinci döyüşündə məğlub olaraq medal mübarizəsini dayandırdı.

İdman.Biz-ə məlum olub ki, Cavad Ağayev ümumiyyətlə dayanqa çıxmaq istəmirmiş. Buna səbəb onun çox yaxın dostu olan 21 yaşlı taekvondoçu Adil Eyvazovun qəfil vəfatı xəbəri olub.

Fotoda Adil Eyvazov

İdmançımızın komandasında təmsil olunan nümayəndələrindən biri saytımıza açıqlamasında aşağıdakı sözləri deyib:

“Hamımız bu faciəvi xəbəri eşidəndə şok vəziyyətində idik - idmançılar, məşqçilər, amma ən çox Cavad. Çünki Eyvaz onun çox yaxın dostu idi! Biz əlimizdən gəldiyi qədər onu döyüşə kökləməyə çalışdıq, dedik ki, indi o, iki nəfər üçün - həm özü, həm də Eyvaz üçün qalib gəlməlidir... Amma o, əvvəlcə ümumiyyətlə dayanqa çıxmaqdan imtina edirdi, özümüz gördük ki, aldığı xəbərdən sonra tamam başqa bir vəziyyətdə idi. Bu xəbəri o, sözün əsl mənasında dayanqa çıxmazdan bir neçə dəqiqə əvvəl almışdı və özünü toplaya bilmirdi. Bu qədər qısa vaxtda heç kim bunu bacara bilməzdi. Əgər onun ehtiyatında heç olmasa bir gün vaxt olsaydı, biz tam fərqli bir Cavadı görərdik. O, bu dünya çempionatında qalib gəlməyi çox istəyirdi”.

Vüqar Vüqarlı

İdman.Biz