Bakıda Avropa su idmanı ictimaiyyətinin nümayəndələrini bir araya gətirən “European Aquatics” (EA) Konqresi yekunlaşıb.
İdman.Biz xəbər verir ki, oktyabrın səkkizindən onadək davam edən tədbirlər proqramı Azərbaycan Üzgüçülük Federasiyası (ASF) və EA-nın təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.
Konqresdə gənclər və idman naziri Fərid Qayıbov, EA prezidenti Antonio Silva, ASF prezidenti Zaur Əliyev, federasiyanın icraçı vitse-prezidenti Xaliq İldırımzadə, vitse-prezidenti Jalə Əhmədova, milli federasiyaların təmsilçiləri, beynəlxalq idman rəsmiləri və media nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi Avropada su idman növlərinin inkişaf perspektivlərini müzakirə etmək, beynəlxalq əməkdaşlığı gücləndirmək və milli federasiyalar arasında təcrübə mübadiləsini genişləndirmək olub.
Konqresdə çıxış edən Antonio Silva belə nüfuzlu tədbirin Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib. Fərid Qayıbov paytaxtın beynəlxalq idman tədbirlərinə ev sahibliyi təcrübəsini vurğulayaraq belə görüşlərin su idmanının inkişafına və ölkələr arasında əməkdaşlığa töhfə verdiyini bildirib.
Zaur Əliyev isə Konqresin milli federasiyalar arasında əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi, su idmanının gələcək inkişafı üçün yeni imkanlar yaradacağına inandığını qeyd edib.
Çıxışlardan sonra EA-nın 2026-cı ildə yadda qalan məqamlarını əks etdirən videoçarx nümayiş olunub, ötən dövrdə görülən işlərə dair hesabatlar dinlənilib.
Üçgünlük proqramın ilk günündə EA Bürosunun iclası və milli federasiyaların nümayəndələri üçün təcrübə və bilik mübadiləsi sessiyası təşkil olunub. İkinci gün isə “Waves of Change – DEI & I” (“Dəyişiklik dalğaları: müxtəliflik, bərabərlik, inklüzivlik və dürüstlük”) mövzusunda konfrans keçirilib.
Hər il təşkil olunan Konqres Avropa su idmanının əsas idarəetmə platformalarından biri hesab edilir. Tədbir Dünya Kubokundan sonra 2026-cı ilin “Dünya İdman Paytaxtı” olan Bakıda keçirilib.
