“Bakıda olmaqdan qürür düyüram. Konqresi təşkil edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və Azərbaycan Üzgüçülük Federasiyasına öz təşəkkürümü bildirmək istəyirəm”.
İdman.Biz xəbər verir ki, bu sözləri Bakıda təşkil edilən Avropa Su İdmanı Federasiyasının (“European Aquatics”) Konqresinin əsas tədbir günündə Türkiyə Üzgüçülük Federasiyasının prezidenti Erkan Yalçın deyib.
Türkiyəli qonaq Avropa Su İdmanı Federasiyasının Konqresinin dünyanın müxtəlif ölkələrində baş tutduğunu, lakin Bakının bu tədbirin təşkilatçılığına yüksək səviyyədə yanaşdığını qeyd edib:
“Konqresdə 48 ölkədən nümayəndə iştirak edir. Əminəm ki, burada alınan qərarlar, keçirəcəyimiz vaxt faydalı olacaq və Bakı kimi gözəl, tarixi şəhər hər birimizdə dərin təəssüratlar yaradacaq”.
Qeyd edək ki, “European Aquatics Congress” oktyabrın 8-dən 10-dək Bakıda keçirilir. Konfransda milli federasiyaların nümayəndələri, beynəlxalq ekspertlər və idman ictimaiyyətinin üzvləri bir araya gəliblər. Tədbir su idmanı və ümumilikdə idmanda inkişaf etdirilməsi məsələlərinə həsr olunub.
Əsas məqsəd milli federasiyalarda “DEI & I” yanaşmasının tətbiqinin gücləndirilməsi, təhlükəsiz və inklüziv idman mühitinin yaradılması, eləcə də bu istiqamətdə uğurlu təcrübələrin və praktik yanaşmaların paylaşılması olub.
Humay İsgəndərova
