Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Bakı Su İdmanı Sarayında keçirilən Dünya Kuboku bir sıra rekordlarla yadda qalıb.
İdman.Biz xəbər verir ki, 1-3 oktyabr tarixlərini əhatə edən “İpək Yolu” adlı beynəlxalq yarışda 44 ölkədən 216 idmançı iştirak edib. Azərbaycan turnirdə 15 üzgüçü ilə təmsil olunub.
Üç gün davam edən yarışda müxtəlif üzmə növləri və məsafələri üzrə gərgin mübarizə gedib. Yeniyetmə və gənc üzgüçülərdən ibarət Azərbaycan milli komandası medal qazana bilməsə də, təmsilçilərimiz şəxsi nəticələrini yaxşılaşdırıblar.
Azərbaycan üzgüçüləri yarış ərzində yeddi ölkə rekordunu və 16 şəxsi rekordu yeniləyiblər.
Turnirdə beynəlxalq səviyyəli rekordlar da qeydə alınıb. Avstraliya təmsilçisi Kemeron Makevoy 50 metr məsafəyə sərbəst üsulla üzmədə 20,22 saniyə nəticə göstərərək Dünya Kuboku rekordunu yeniləyib.
Rusiyalı Yeqor Kornev isə 100 metr məsafəyə sərbəst üsulla üzmədə 44,84 saniyə nəticə ilə dünya rekorduna şərik olub.
Dünya Kubokunun yekununda xal prinsipinə əsasən kişilər arasında Yeqor Kornev birinci, ABŞ təmsilçisi Luk Barr ikinci, Cənubi Afrika Respublikasından Piter Kutsi isə üçüncü yeri tutub.
Qadınların yarışında niderlandlı Marrit Stenberxen qalib olub. Belçikalı Ros Vanotterdayk ikinci, Çin təmsilçisi Yu Yitinq isə üçüncü pillədə qərarlaşıb.
“İpək Yolu” Dünya Kuboku yalnız idman mübarizəsi ilə deyil, beynəlxalq əməkdaşlıq və müxtəlif ölkələrin idman nümayəndə heyətlərinin bir araya gəlməsi baxımından da diqqət çəkib. Yarış iştirakçıları üçün müxtəlif tədbirlər və proqramlar təşkil olunub, onlara Bakının tarixi və mədəni irsi ilə tanış olmaq imkanı yaradılıb.
Bakının beynəlxalq üzgüçülük yarışına ev sahibliyi etməsi Azərbaycanın idman infrastrukturu, təşkilati imkanları və beynəlxalq yarışların keçirilməsi sahəsində təcrübəsinin nümayişi baxımından da əhəmiyyət daşıyıb.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, ASF-nin prezidenti Zaur Əliyev və Dünya Su İdmanı Federasiyasının (World Aquatics) prezidenti Hüseyn Əl-Müsəlləm çıxış ediblər. Tədbir zamanı xüsusi şou nümayiş olunub, Su İdmanı Sarayının yanında fan-zona fəaliyyət göstərib.
Bağlanış günü isə “Avroviziya” qalibi Nigar Camalın çıxışı ilə yadda qalıb.
