Dünya Kuboku: Bakıda növbəti rekordlar qeydə alındı - FOTO

2 Oktyabr 2026 21:44
72
Dünya Kuboku: Bakıda növbəti rekordlar qeydə alındı

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Su İdmanı Sarayında keçirilən turnirin ikinci gününün final seansı tarixi anlarla yadda qalıb.

İdman.Biz xəbər verir ki, günün əsas hadisəsinə Rusiya təmsilçisi Yeqor Kornev imza atıb. O, 100 metr məsafəyə sərbəst üsulla yarışda 44,84 saniyəlik nəticə göstərərək dünya rekordçusu Kayl Çalmersin göstəricisini təkrarlayıb.

Kornev 50 metr məsafəyə arxası üstə üsulla yarışda da fərqlənib. Rusiya təmsilçisi 22,23 saniyəlik nəticə ilə Dünya Kubokunun rekordunu yeniləyib.

Azərbaycan təmsilçisi Fatimə Alkərəmova da həlledici mərhələdə çıxış edib. O, 400 metr məsafəyə qarışıq üsulla yarışda 7-ci yeri tutub.

İkinci günün final seansının nəticələri:

Kişilər

Arxası üstə üsulla 50 metr – 1. Yeqor Kornev, 2. Pavel Samusenko, 3. Piter Kutsi

Qarışıq üsulla 200 metr – 1. Luk Barr, 2. Alberto Rassetti, 3. Finley Noks

Brass üsulu ilə 50 metr – 1. Hayyanq Çin, 2. Maykl Huli, 3. Kirill Priqoda

Sərbəst üsulla 100 metr – 1. Yeqor Kornev, 2. Kemeron Makevoy, 3. Vasili Kukuşkin

Kəpənək üsulu ilə 200 metr – 1. Cuner Çen, 2. So Oqata, 3. Alberto Rassetti

Qadınlar

Qarışıq üsulla 400 metr – 1. Yitinq Yu, 2. Ebi Vud, 3. Mohan Çanq

Sərbəst üsulla 200 metr – 1. Şivon Hohey, 2. Anna Peplovski, 3. Yaqi Fan

Arxası üstə üsulla 100 metr – 1. Marit Stenberxen, 2. Teylor Rak, 3. Anna Peplovski

Kəpənək üsulu ilə 50 metr – 1. Ros Vanotterdayk, 2. Sara Yunevik, 3. Arina Surkova

Brass üsulu ilə 100 metr – 1. Mona Makşeri, 2. Yevgeniya Çikunova, 3. Eymi Kenni

Qeyd edək ki, Dünya Kuboku 1-3 oktyabr tarixlərində 44 ölkədən 216 idmançının iştirakı ilə Bakı Su İdmanı Sarayında keçirilir.

Mötəbər yarışda Azərbaycanı 15 üzgüçü təmsil edir. Milli komandanın heyətində Amin Oruclu, Abdurrəhman Rüstəmov, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Fatimə Alkərəmova, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Oqtay Hüseynov, Ramil Vəlizadə, Ramal Sadıqlı, Səid Həmidov, Süleyman İsmayılzadə, Vlastilina Xasyanova və Yeqor Maynitski yer alır

İdman.Biz