“Dünya rekordu, hətta onun təkrarı belə, mənim üçün çox şey ifadə edir. Növbəti mərhələlərdə onu yaxşılaşdırmağa çalışacağam ki, rekord yalnız mənə məxsus olsun”.
Bunu avstraliyalı Kayl Çalmersin 100 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə dünya rekordunu - 44,84 saniyə - təkrarlayan rusiyalı üzgüçü Yeqor Kornev İdman.Biz-ə açıqlamasında deyib.
O, bu nailiyyətin məhz Azərbaycanda qeydə alınmasından məmnun olduğunu qeyd edib:
“Çox xoşdur. Hovuz yüksək nəticələr üçün əlverişlidir. Belə çətin sessiyanın çox uğurlu alındığına şadam. Narahatlığım var idi ki, alınmaya bilər. Çünki cəmi üç həftə, bəlkə də daha az müddət idi ki, üzürdüm. Burada çıxış edə bildiyimə və belə güclü uşaqlarla yarışa bildiyimə şadam”.
Kornev Azərbaycanda ilk dəfə çıxış etdiyini əlavə edib və ölkə ilə bağlı təəssüratlarını bölüşüb:
“Çox möhtəşəmdir: mehriban insanlar, gözəl şəhər, möhtəşəm hovuz. Ümumilikdə hər şey əladır”.
