“Azərbaycanlı üzgüçülər gözləntilərimi üstələdilər” - Olimpiya mükafatçısının İDMAN.BİZ-ə AÇIQLAMASI

29 Sentyabr 2026 17:42
82
“Azərbaycanlı üzgüçülər gözləntilərimi üstələdilər” - Olimpiya mükafatçısının İDMAN.BİZ-ə AÇIQLAMASI

2024-cü il Paris Olimpiya Oyunlarının ikiqat mükafatçısı, ABŞ millisinin üzvü Karson Foster Bakıda azərbaycanlı gənc üzgüçülər üçün keçirdiyi ustad dərsi ilə bağlı təəssüratlarını bölüşüb.

İdman.Biz xəbər verir ki, Foster gənc idmançılarla öz təcrübəsini bölüşməkdən məmnun olduğunu, bu görüşün onları üzgüçülüklə məşğul olmağa davam etməyə və bu idman növünü sevməyə ruhlandıracağına ümid etdiyini bildirib.

“Bu gün çox maraqlı və əyləncəli keçdi. Üç fərqli ölkədən olan üç olimpiyaçı bir araya gələrək azərbaycanlı uşaqlar üçün üzgüçülük üzrə ustad dərsi keçdik. Bu, çox gözəl təcrübə idi. Uşaqlara üzgüçülük texnikalarını təkmilləşdirməkdə kömək etdik, öz təcrübəmizi, məsləhətlərimizi və bizi bugünkü səviyyəyə gətirən biliklərimizi onlarla bölüşdük. Ümid edirəm ki, bu bilikləri onlara belə erkən yaşda aşılaya bildik.

Düşünürəm ki, uşaqlara təkcə üzgüçülük texnikası ilə bağlı tövsiyələr vermədik, həm də onları bu idman növü ilə məşğul olmağa davam etməyə ruhlandırdıq. Ümid edirəm ki, öz kumirləri və olimpiyaçılarla birgə üzmək fürsəti onları daha çox çalışmağa, qarşılarına yeni hədəflər qoymağa və bir gün Olimpiya Oyunlarında Azərbaycanı təmsil etməyə həvəsləndirəcək”, - deyə o bildirib.

Karson Foster azərbaycanlı idmançılar arasında gələcəyin ulduzlarını görüb-görmədiyi sualını da cavablandırıb:

“Belə görünür. Onlar gözləntilərimi üstələdilər. Gözlədiyimdən daha hazırlıqlı və üzgüçülük texnikasına daha yaxşı yiyələnmişdilər. Möhtəşəm idilər”.

Foster İdman.Biz-ə açıqlamasında Olimpiya medalı qazanmağın sirri barədə danışıb və bu cür ustad dərslərinin onun idmançı kimi formalaşmasında hansı rol oynadığını açıqlayıb:

“Bilmirəm, Olimpiya medalı qazanmağın ümumiyyətlə hansısa sirri varmı. Düşünürəm ki, mənim üzgüçülükdə yolum da belə tədbirlərdən başlayıb. Təxminən bu uşaqların yaşında olarkən bəzi kumirlərim, məsələn, Rayan Loxte və Aaron Pirsolla birlikdə üzmək imkanım olub, onlarla belə ustad dərslərində iştirak etmişəm. Bu, məni bütünlüklə üzgüçülüyə həsr olunmağa ruhlandırdı. Ona görə də hansısa sirrin olub-olmadığını bilmirəm. Sadəcə ruhlandıqdan sonra məqsədimə doğru irəliləməyə davam etmək istədim. Düşünürəm ki, uzun illər ərzində əzmlə məşq etdikdən və məni belə tədbirlərə aparan möhtəşəm valideynlərimin dəstəyi sayəsində hər şey tədricən alındı”.

Sonda Foster "World Aquatics" ilə birlikdə Dünya Kubokunun mərhələləri çərçivəsində səfərlər etməkdən və Bakıda olmaqdan böyük şərəf duyduğunu bildirib. O, daha əvvəl heç vaxt olmadığı bir ölkəyə səfər etməkdən və burada keçirilən yarışda iştirak etməkdən məmnun olduğunu bildirib.

Qeyd edək ki, bu ustad dərsi “İpək Yolu” Dünya Kuboku çərçivəsində keçirilib. Xüsusi məşq sessiyasında 11-15 yaş aralığında olan uşaqlar iştirak ediblər. Karson Fosterlə yanaşı, uşaqlarla dördqat Olimpiya mükafatçısı Şivon Hogi (Honkonq) və dəfələrlə dünya çempionu olmuş Marrit Stenbergen (Niderland) da çalışıblar.

İdman.Biz