Azərbaycan üzgüçülük millisi 1-3 oktyabr tarixlərində Bakıda ilk dəfə keçiriləcək “İpək Yolu” Dünya kubokuna hazırlığını davam etdirir.
İdman.Biz xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyası və Beynəlxalq Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışda dünyanın aparıcı üzgüçüləri mübarizə aparacaqlar.
Azərbaycan yığması turnirdə 16 idmançı ilə təmsil olunacaq. Komanda baş məşqçi Luka Qabrilonun rəhbərliyi altında Su İdmanı Sarayının köməkçi hovuzunda təlim-məşq toplanışını davam etdirir.
Azərbaycan Üzgüçülük Federasiyasının idman meneceri Ənvər Məhərrəmov yarışla bağlı bildirib ki, yığmanın bu yarışdakı əsas prioritetlərindən biri elit idmançıalara baxmaq, onlardan nəsə öyrənmək və təcrübə toplamaqdır:
“Bakıya 40 ölkədən təxminən 300-ə yaxın idmançı gələcək. “İpək Yolu” Dünya kuboku üç mərhələdən ibarət olacaq və ilk etapı Bakıda keçiriləcək. Növbəti mərhələlər 8-10 oktyabrda Özbəkistan, 15-17 oktyabrda isə Qazaxıstanda keçiriləcək”.
