Üzgüçülük üzrə “İpək Yolu” (The Silk Road Tour) Dünya Kubokunun “Bakı 2026” mərhələsinin idman səfiri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, Azərbaycanı beynəlxalq musiqi və televiziya layihələrində təmsil edən müğənni və aparıcı Azad Şabanov yarışın idman səfiri seçilib.
Azad Şabanov “Yeni Ulduz-7” musiqi yarışmasında ikinci yerin sahibi olub. O, 2010-cu ildə “Eurovision” Mahnı Müsabiqəsinin Azərbaycan üzrə milli seçim mərhələsində də iştirak edib.
Qeyd edək ki, idman səfiri müəyyən yarışın və ya idman layihəsinin ictimaiyyətə tanıdılmasına, təbliğinə və onun nüfuzunun artırılmasına dəstək göstərən şəxsdir. Bu status, bir qayda olaraq, ictimaiyyət tərəfindən tanınan şəxslərə verilir.
Xatırladaq ki, üzgüçülük üzrə “İpək Yolu” Dünya Kubokunun “Bakı 2026” mərhələsi oktyabrın 1-dən 3-dək Su İdmanı Sarayında keçiriləcək.
