Bakıda keçiriləcək üzgüçülük üzrə Dünya Kubokuna hazırlıq məsələləri müzakirə olunub - FOTO

3 Sentyabr 2026 17:16
109
Bakıda keçiriləcək üzgüçülük üzrə Dünya Kubokuna hazırlıq məsələləri müzakirə olunub - FOTO

Bakıda keçiriləcək üzgüçülük üzrə “Silk Way” Dünya Kubokuna hazırlıq prosesi ilə bağlı Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyevin sədrliyi ilə yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə ASF-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə təşkilati və texniki məsələlər, yarışın proqramı, akkreditasiya, nəqliyyat, qidalanma, eləcə də açılış və mükafatlandırma mərasimləri müzakirə olunub. Dünya Kubokunun startına bir aydan az müddət qalması nəzərə alınaraq, qarşıda duran əsas vəzifələr və növbəti mərhələdə görüləcək işlər müəyyənləşdirilib.

İclasda ASF-nin prezidenti Zaur Əliyevlə yanaşı, icraçı vitse-prezident Xaliq İldırımzadə, vitse-prezident Jalə Əhmədova, Bakı Su İdman Sarayının rəhbəri Əjdər Rəhimov, baş katib Oqtay Atayev, müşavir Rəşad Əbdürəhmanov, əməliyyatlar üzrə direktor Fuad Balakişiyev, əməliyyatlar üzrə menecer Nərgiz Rüstəmova və Yerli Təşkilat Komitəsinin digər üzvləri iştirak ediblər.

Xatırladaq ki, 2026-cı ilin oktyabrın 1-3-də üzgüçülük üzrə “Silk Way” Dünya Kubokunun ilk mərhələsinə Bakı ev sahibliyi edəcək. Növbəti mərhələlər isə Özbəkistanın Daşkənd (8-10 oktyabr) və Qazaxıstanın Astana (15-17 oktyabr) şəhərlərində baş tutacaq.

İdman.Biz