“Bədii üzgüçülüyün Azərbaycanda kök salmasını istəyirəm” - Yekaterina Matviyenkonun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

11 İyul 2026 16:03
87
“Bədii üzgüçülüyün Azərbaycanda kök salmasını istəyirəm” - Yekaterina Matviyenkonun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Bakıda Su İdmanı Sarayında bədii üzgüçülük bölməsinə qəbul davam edir. Dünyada milyonlarla tamaşaçını gözəlliyi və möhtəşəmliyi ilə valeh edən bu idman növü Azərbaycanda hələ də geniş tanınmır.

Azərbaycanda bədii üzgüçülüyü yenidən inkişaf etdirmək məqsədilə Azərbaycan Üzgüçülük Federasiyası rusiyalı mütəxəssis Yekaterina Matviyenkonu dəvət edib.

O, İdman.Biz-ə müsahibəsində ölkədə bu idman növünün hazırkı vəziyyəti, onun xüsusiyyətləri, məşq prosesi və qarşısına qoyduğu məqsədlərdən danışıb.

– Azərbaycana gələndə bədii üzgüçülüyü hansı vəziyyətdə gördünüz?

– Əslində, bu idman növü burada yeni deyil. Sadəcə, bir neçə il əvvəl Azərbaycanda onun əsasını qoyan mütəxəssis ölkədən ayrılıb. Uzun müddət qızların məşqçisi olmayıb. Nəticədə, bütün komandadan yalnız ən güclü və ən səbirli iki idmançı qalıb. Onlar artıq böyüyüblər və məşqçinin olmaması səbəbindən çox şey itirilib. Qarşıda bizi böyük iş gözləyir, amma təslim olmuruq.

– Qızlar duetdə çıxış edirlər?

– Bəli, amma solo da çıxış edə bilərlər. Hər şey yarış üçün neçə proqram hazırlamağımızdan asılıdır. Əgər düşünürəmsə ki, əsas diqqəti duetə yönəltmək daha məqsədəuyğundur, onda bütün hazırlığı buna uyğun qururam. Duet olimpiya proqramına daxildir, solo isə yox. Bununla belə, solo çıxış edən idmançılar üçün də müxtəlif kuboklar və çempionatlar keçirilir.

– Yaxın vaxtlarda yarışlarda iştirak planlaşdırılırmı?

– Avropaya getməyi planlaşdırırıq. Hələlik ev sahibi tərəfdən təsdiq gözləyirik. Ümid edirik ki, noyabr ayında Macarıstanın Açıq çempionatında iştirak edə biləcəyik.

– Hazırda yeni idmançıların qəbulu aparılır?

– Əlbəttə. Əslində məni Azərbaycana dəvət etmələrinin əsas məqsədi də budur. Mən də razılaşdım, çünki uşaqlarla işləmək mənim güclü tərəflərimdən biridir. Bu idman növünə yeni başlayanlarla işləməyi sevirəm. Uşağın ilk məşqlərə gəlib zaman keçdikcə bu idman növünə vurulmasını izləmək mənə zövq verir. Hazırda kiçik yaş qrupunda cəmi iki qız var idi, amma bu yaxınlarda daha ikisi yazılıb və gələn həftə məşqlərə başlamalıdır.

– Valideynləri uşaqlarını artistik üzgüçülüyə verməkdən nə çəkindirə bilər?

– Bu, tam fədakarlıq tələb edən çox ağır idman növüdür. Peşəkar səviyyədən danışırıqsa, zaman keçdikcə müəyyən şeylərdən, bəzən hətta təhsildən də güzəştə getmək lazım gəlir. Hər ailə buna hazır olmur.

Bundan başqa, eşitmişəm ki, bəziləri qızların çiyinlərinin enlənəcəyindən narahat olurlar. Amma bu, doğru deyil. Bizim idman növümüz çoxşaxəlidir. Qızlar yalnız qolları ilə deyil, ayaqları ilə də işləyirlər. Buna görə də bədən harmonik və proporsional şəkildə formalaşır. Mən sinxron üzgüçülüyü çox zərif və gözəl idman növü hesab edirəm. O, təkcə fiziki keyfiyyətləri deyil, həm də artistizmi, ritm hissini və xarakteri inkişaf etdirir. Burada üzgüçülük, gimnastika, akrobatika, xoreoqrafiya və rəqs birləşir. Azərbaycanda əsas problem odur ki, bu idman növünü hələ də çox az adam tanıyır.

– Bu idman növünə hansı yaşdan başlamaq daha məqsədəuyğundur?

– Mənim fikrimcə, ən uyğun yaş altı-yeddi yaşdır, daha tez yox. Baxmayaraq ki, bir çox məşqçilər uşaqlarla beş yaşdan işləməyə başlayırlar. Bu yaşda uşaqlar daha çox oynamaq istəyirlər. Ona görə də mən bir qədər gec başlamağı üstün tuturam. Ən sadə baza elementi olan qruplaşmanı qızlar adətən təxminən bir ay yarımdan sonra mənimsəyirlər.

– Bədii üzgüçülərin məşqləri necə keçir?

– Məşqlərimiz iki hissədən ibarətdir: zal və hovuz. Əvvəlcə quruda məşq edirik. Əsas əzələ qruplarını və oynaqları isinirik, şpaqat, körpü, ayaq pəncələrinin və dizlərin dartılmasına xüsusi diqqət yetiririk. Böyük yaş qrupundakı qızlar daha mürəkkəb güc hərəkətləri – yəni güc hazırlığı yerinə yetirirlər.

Sonra hovuza keçirik. Əvvəlcə isinmə olur. Təxminən bir saat idman üzgüçülüyü ilə məşğul olurlar. Bundan sonra məşqin əsas hissəsinə – elementlərin işlənməsinə başlayırıq.

İnkişaf mərhələli şəkildə getməlidir. Əgər altı yaşlı uşağı ilk məşqdə şpaqata oturtsanız, növbəti məşqə gəlməyəcək. Buna görə də hər şey tədricən tətbiq olunur. Uşaq nə qədər uzun müddət məşq edirsə, yük də bir o qədər artır.

– Uşaq sizə gələndə artıq üzməyi bacarmalıdır?

– İdeal olardı, amma həmişə belə olmur. Əgər uşaq üzməyi bacarmırsa, onu özüm öyrədirəm.

Hazırda əsas diqqəti məhz idman üzgüçülüyünə yönəltmirəm. Mənim üçün daha vacib olan uşağın suda nəfəsini idarə etməyi öyrənməsi, hovuzda özünü inamla hiss etməsi və kürəyi üstə uzana bilməsidir. Məncə, uşaq kürəyi üstə rahat uzanmağa başlayandan sonra sudan qorxusu da yox olur. Bundan sonra tədricən baza elementlərini, müxtəlif avar hərəkətlərini və qruplaşmanı öyrənməyə başlayırıq.

– Sinxron üzgüçülər suyun altında nəfəsi necə bu qədər uzun müddət saxlaya bilirlər?

– Hər şey kiçik addımlarla başlayır. Əvvəlcə uşaqlar nəfəs almadan beş dəfə kraul hərəkəti edirlər, sonra brass üsulu ilə suyun altında on metr, daha sonra on beş və iyirmi beş metr üzürlər. Hazırda mənim idmançılarım suyun altında delfin üsulu ilə rahat şəkildə əlli metr üzə, ayaq hərəkətləri ilə məşqlər edə və təxminən 35 saniyə ərzində suyun altında kombinasiya yerinə yetirə bilirlər.

Ağciyərlərin həcmi tədricən artır. Bununla yanaşı, hazırda qaydalara görə, nəfəsi saxlayaraq qollar və ayaqlarla intensiv işlənən kombinasiyanın müddəti bir dəqiqədən artıq olmamalıdır. Fizioloji baxımdan bu çox ağırdır. İntensiv iş zamanı əzələlər oksigeni sürətlə sərf edir və orqanizm cəmi bir neçə saniyə ərzində yorulmağa başlayır.

– Qızların suda yerinə yetirdiyi elementlər necə öyrədilir?

– Bəzi elementləri əvvəlcə quruda öyrənmək, sonra isə suya keçirmək mümkündür. Amma baş aşağı vəziyyətlə bağlı bütün elementlər yalnız hovuzda işlənilir. İstəyərsə, məşqçi özü də suya girib hərəkəti göstərə bilər, amma bu, məcburi deyil.

Adətən qızlar həftədə üç dəfə məşq etdikdə baş aşağı elementlərə səkkiz-on aydan sonra keçirlər. Bu vaxta qədər onlar artıq müxtəlif üsullarla üzməyi, dönmələri, aşmaları bacarır və bədənlərini yaxşı hiss edirlər.

Atılma elementlərinə gəldikdə isə, sıçrayışı yerinə yetirən “yuxarı” idmançı ayrıca akrobatika ilə məşğul olur. Həftədə bir dəfə qızlar peşəkar akrobatla məşq edir və bütün mürəkkəb elementlər əvvəlcə zalda öyrənilir. İdmançını havaya qaldıranların işi isə tam şəkildə suda işlənilir. Hər kəsin öz vəzifəsi var. Adətən “yuxarı” idmançı ən yüngül və ya koordinasiyası daha yaxşı olan qız olur.

– Sonda soruşmaq istərdim: Azərbaycanda əsas məqsədiniz nədir?

– Bu il üçün əsas məqsədim bədii üzgüçülüyü ölkədə maksimum tanıtmaqdır ki, hazırkı dörd idmançı əvəzinə hər birində 10-12 nəfər olmaqla üç tam qrupumuz olsun.

İstəyirəm ki, bu idman növü populyar və rəqabətli olsun. Qızlar Azərbaycan millisində yer almağa can atsınlar, ölkəni beynəlxalq yarışlarda təmsil etsinlər, digər idmançıların səviyyəsini görsünlər və əlavə motivasiya qazansınlar. Hazırda mənim üçün ən vacib məsələ bu idman növünün Azərbaycanda kök salmasıdır ki, uşaqlar və onların valideynləri məşqlərə gəlmək və artistik üzgüçülükdə qalmaq istəsinlər.

– Sizcə, buna elə bu il nail olmaq mümkündür?

– Mən buna çox inanıram. Əlbəttə, çox şey yalnız məndən asılı deyil. Bir çox amillər üst-üstə düşməlidir. Buna görə də səbirli olmaq vacibdir. Hər şey kiçik addımlarla başlayır. Damla-damla yığılanda bir gün okean yaranır. Əsas odur ki, dayanmayasan. İnsan motivasiyasını itirirsə, deməli, arzusu kifayət qədər güclü olmayıb.

İdman.Biz