27 yaşlı üzgüçülük üzrə məşqçi Nurlan Mahmudov vaxtilə idmançı kimi Azərbaycan millisinin üzvü olub, lakin daha sonra karyerasını başa vuraraq məşqçiliyə başlayıb. O, əsasən 4-7 yaşlı uşaqlarla işləyir və bildirir ki, sıfırdan baza qurmaq gənc idmançının inkişafında ən vacib mərhələdir.
İdman.Biz-ə müsahibəsində o, uşaqlarda su qorxusunun aradan qaldırılması, məşqlərə başlamaq üçün optimal yaş və üzgüçülüyün ilk mərhələlərinin xüsusiyyətləri barədə danışıb.
- Uşaqlarla işləməyin çətinlikləri nədən ibarətdir?
- Çətinlik prosesin özündə deyil, hər bir uşağın fərqli olmasındadır. Hamı ilə eyni cür işləmək mümkün deyil. Qrup məşqlərində isə daha asandır - uşaqlar sosiallaşır və bir-biri ilə ünsiyyət vasitəsilə materialı daha rahat mənimsəyirlər. İlkin mərhələdə məşqləri daha çox oyun formasında keçiririk.
Bəzən ümumiyyətlə sözə baxmayan uşaqlara rast gəlirik. Məşqçinin vəzifəsi onlarda nizam-intizam formalaşdırmaqdır. Valideynlərin rolu isə uşağın inkişafını izləmək və potensialını açmağa kömək etməkdir. Bütün tərəflər arasında qarşılıqlı əlaqə vacibdir. Müasir valideynlər əvvəlkilərdən fərqlənir: əvvəllər böyüklər öz reallaşmamış arzularını uşaqlara təlqin edirdi, indi isə daha çox uşağın maraqlarını nəzərə alırlar və onlarla ünsiyyət qurmaq daha asandır.
Посмотреть эту публикацию в Instagram
- Niyə valideynlər uşaqları üzgüçülüyə yönləndirməlidir?
- Üzgüçülük çoxsaylı üstünlüklər verir: koordinasiya, balans, tənəffüs və sinir sisteminin möhkəmlənməsi, əzələlərin inkişafı, düzgün qamət, elastiklik, ağciyər həcminin artması. Çox vaxt valideynlər uşaqları tənəffüs problemləri ilə gətirir. Biz həkim deyilik, amma məşqlər yaxşılaşmaya kömək edə bilər. Elə hallar olub ki, bir il məşqdən sonra valideynlər deyir ki, əvvəl istifadə etdikləri inhalyatorun harada olduğunu belə unudublar.
İdman uşağın psixologiyasına da müsbət təsir göstərir, gələcəkdə çətinliklərin öhdəsindən gəlmək daha asan olur. Bəzən 14-15 yaşlı yeniyetmələr gəlir ki, suda özlərini sıxılmış hiss edirlər. Bu, çox vaxt uşaqlıqda valideyn təzyiqi ilə bağlı olur.
- Bəzən qızlara bədən quruluşu baxımından üzgüçülük məsləhət görülmür...
- Bu, mifdir. Valideynlər başa düşməlidir ki, üzgüçülük yalnız faydalıdır. Məsələn, boy artımına kömək edə bilər. Bəzi üzgüçülərin çiyinləri daha geniş olur - bu, normaldır. Ümumiyyətlə, idmanla məşğul olan uşaqların bədən quruluşu fərqli olur. Onlar həm də daha az xəstələnir və fiziki cəhətdən daha möhkəm olurlar.
Yalnız xlor həssaslığı və ya allergiyası olan uşaqlarda müəyyən çətinliklər yarana bilər. Lakin bu gün xlor istifadə olunmayan alternativ təmizləmə üsulları olan hovuzlar da mövcuddur.
- Valideynlər uşağa özləri üzməyi öyrədə bilərmi?
- Daha yaxşı olar ki, ən azı ilk ay (təxminən 12 məşq) uşaq məşqçi ilə məşğul olsun və baza hazırlığı keçsin. Valideynlər çox vaxt məşqçini “təqlid” etməyə çalışır, amma bunu düzgün etmirlər. Sonradan yenidən öyrətmək daha çətin olur. Məşqçi ilə uşaq düzgün nəfəs almağı, suda qalmağı, arxası üstə üzməyi öyrənir - bunlar əsasdır.
- Yaxşı məşqçini necə seçmək olar?
- Reklam hər zaman keyfiyyət göstəricisi deyil. Valideynlər məlumat toplamalı, müqayisə etməli, rəyləri oxumalıdır. Bəzən uşaqda potensial olur, amma məşqçinin yanlış yanaşması səbəbindən inkişaf etmir. Yarışlarda bu aydın görünür - fiziki göstəricilər yaxşı olsa da, nəticə yoxdur. Valideynlər bir-biri ilə danışaraq bunu anlayır. Məşqçilər daim öz üzərində işləməli, valideynlər isə seçimə məsuliyyətlə yanaşmalıdır.
- Üzgüçülüyə hansı yaşda başlamaq daha məqsədəuyğundur?
- Hazırda Bakıda hətta körpələr üçün də məşqlər var. Amma məncə optimal yaş 4-dür. Bu yaşdan uşaq suya öyrəşir və baza bacarıqları formalaşır. 5 yaşda artıq üzgüçülüyün nə olduğunu anlayır, sonra isə məsafələr artır və proqram çətinləşir.
- Hər kəs üzməyi öyrənə bilərmi?
- 66 yaşlı şagirdim olub, ömrü boyu sudan qorxurdu. Onu suda sərbəst qalmağa öyrətdim. Yaşa görə qarın üstə üzmək çətin idi, amma arxası üstə rahat üzürdü və nəticədən razı idi. Yəni mümkünsüz heç nə yoxdur - hər şey istəkdən asılıdır.
- Uşaqlara su qorxusunu geridə qoymağı nəcə öyrədirsiz?
- Əvvəlcə səbəbi anlamaq lazımdır, sonra uyğun yanaşma seçilməlidir. Bəzən valideynlər uşağı birbaşa suya salır, bu isə qorxu yaradır. Uşağı suya tədricən öyrətmək lazımdır - əvvəlcə su ilə tanış etmək, yanında oturtmaq, ayaqlarını suya salmaq.
Valideynlər bəzən vəziyyəti şişirdir. Məşqçi uşağı müşahidə edib onunla ünsiyyət qurmalıdır. Etimad yarandıqca uşaq özü maraq göstərir. İlkin mərhələdə isə köməkçi vasitələrdən istifadə olunur. Təxminən uşaqların 70%-i tez uyğunlaşır, qalanları isə daha həssas olur.
Valideynlərin daimi iştirakı da bəzən mane olur – uşaq diqqətini yayındırır. Başlanğıcda izləmək olar, amma sonra uşağın məşqçiyə alışmasına imkan verilməlidir.
- Uşaq nə qədər müddətdə suda özünü rahat hiss edir?
- Bu, fərdidir, amma orta hesabla 1,5-2 ay ərzində uşaq suda özünü inamlı hiss etməyə başlayır.
- Nə vaxt artıq uşağa nəzarəti azaltmaq olar?
- Heç vaxt. Suda hər zaman gözlənilməz vəziyyət yarana bilər. Hətta qolçaqlar və ya şişmə dairə tam təhlükəsizlik təmin etmir. Buna görə böyüklərin daim nəzarəti vacibdir.
- Qrup məşqlərində bütün uşaqlara necə nəzarət edirsiniz?
- Köməkçilərim var. Uşaqları səviyyələrə bölürük və fərqli tapşırıqlar veririk. Mən daha çox yeni başlayanlarla işləyirəm, köməkçilər isə daha təcrübəlilərlə. Vaxt keçdikcə bir baxışla hər kəsin vəziyyətini anlamaq mümkün olur.
- Uşağın peşəkar üzgüçü ola biləcəyini necə müəyyən edirsiniz?
- Bu, zaman tələb edir. Yayda daha çox uşaq olur və potensialı görmək asanlaşır. Bir neçə məşqdən sonra kimdə istedad olduğunu sezmək mümkündür və bunu valideynlərə bildiririk. Amma unutmaq olmaz ki, idman ilk növbədə sağlamlıqdır.
Azərbaycanda uşaqlar üçün üzgüçülüyün düzgün təşkili hələ tam formalaşmayıb. Bəzən valideynlər düşünür ki, uşaq yay ərzində - iki aya üzməyi öyrənə bilər. Halbuki bu müddətdə yalnız ilkin bacarıqları mənimsəmək mümkündür.
Yayda uşaqlar açıq havada çox vaxt keçirir, günəşdən D vitamini alır və sağlamlıqları üçün risk az olur. Əsl sınaq isə qışda olur. Məhz soyuq mövsümdə ümumi dözümlülük formalaşır, sağlamlıq möhkəmlənir və fiziki hazırlıq inkişaf edir. Təəssüf ki, bir çox azərbaycanlı valideyn bunu anlamır və qışda uşaqları üzgüçülüyə verməyi düzgün hesab etmir.




