“Birlikdə üzək” yarışının açılış mərasimi keçirilib - FOTO

Xəbərlər
23 Dekabr 2023 14:38
201
“Birlikdə üzək” yarışının açılış mərasimi keçirilib - FOTO

Bakı Su İdmanı Sarayında "Birlikdə üzək" yarışının açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev və Bakı Su İdmanı Sarayının direktoru Zaur Yaqubov iştirak edib.

Mərasimi giriş sözü ilə açan gənclər və idman naziri Fərid Qayıbov "Birlikdə üzək" yarışının artıq ikinci dəfə keçirildiyini vurğulayıb: "Ötən ilə nisbətən üzgüçülərimizin sayı artıb. Ölkəmizdə fəaliyyət göstərən hovuzların sayı da 35-ə çatıb. Bu yarışa Türkiyədən də qatılanlar var. İl ərzində Azərbaycan Üzgüçülük Federasiyası ilə birlikdə silsilə tədbirlər keçirilib. Yeniyetmə və gənclər arasında üzgüçülük idman növünün inkişaf etdirilməsi məqsədi ilə məktəblərdə "Üzməyi öyrənək" adlı layihə də keçirmişik".

Daha sonra Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

"Birlikdə üzək" yarışının baş hakimi Rəşad Əbdürəhmanov isə burada bir sıra olimpiya idman komplekslərinin üzgüçülərinin də iştirak etdiyini deyib.

Rəsmi hissədən sonra turnir açıq elan edilib. Ölkə üzrə eyni vaxtda 35 idman qurğusunda keçirilən yarışlarda ümumilikdə 1350 iştirakçı mübarizə aparıb.

9 yaşdan yuxarı müxtəlif yaş qrupları üzrə (9-10 yaş, 11-12 yaş, 13-14 yaş, 15-16 yaş, 17-19 yaş, 20-24 yaş, 25-29 yaş, 30-34 yaş, 35-39 yaş, 40-44 yaş, 45-49 yaş, 50-54 yaş, 55-59 yaş və 60 yaşdan yuxarı) ümumilikdə 14 yaş kateqoriyasında üzgüçülər mübarizə aparıblar.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: