Roma 2036 və ya 2040-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməyi planlaşdırır.
İdman.Biz xəbər verir ki, bu barədə İtaliya paytaxtının meri Roberto Qualtyeri bildirib. Onun sözlərinə görə, şəhər artıq idman infrastrukturunun inkişafı istiqamətində işlər görür ki, bu da gələcək olimpiya ərizəsini gücləndirməlidir.
“İdman tədbirləri iqtisadi artımın və urbanizasiya üçün inkişafın mühərrikidir. Biz meydançaların və stadionların layihələri üzərində işləyirik. “Roma”nın stadionunun layihəsi irəliləyir, lakin biz 2032-ci il futbol üzrə Avropa çempionatı ərəfəsində “Latsio”nun layihəsi ilə də məşğul oluruq. Bu, 2036 və ya 2040-cı il üçün irəli sürmək istədiyimiz olimpiya namizədliyimizi gücləndirir”, – deyə Qualtyeri “La Repubblica” nəşrinə müsahibəsində vurğulayıb.
Uğur qazanacağı təqdirdə Roma bir neçə onillikdən sonra planetin ən nəhəng idman tədbirinə yenidən ev sahibliyi edəcək. İtaliya paytaxtı 1960-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edib.
